Səhər saat 6-dır. Evi saatın zəng səsi bürüyür. Bu səs “qalx”,- deyir. “Qalxmağın vaxtıdır”,- deyir. Bu səs tək onu deyil, ailə üzvlərinin hər birini yuxudan oyadır. Yox, onlar narahat deyillər. Artıq bu səsə alışıblar. Bilirlər ki, evlərindən çətin və şərəfli bir peşə ardınca gedən var və o, bu saatda qalxmalı, hazırlaşmalı, çıxmalıdır.
Oyanıram bu səsə, hər gün olduğu kimi. Bu gün də iş günlərindən biridir, lakin həmişəki adi iş günü deyil. “Onların bayramıdır”,- deyirəm öz-özümə... Düşünürəm ki, bu zəng səsi indi onların yaşadığı bütün evlərdə çalınır. Saat 6... Sübh yuxusu şirin olar, deyərlər. Yuxunun bu şirin çağı onların hər biri oyanıb artıq, ayağa qalxıblar. İşə getmək üçün hazırlaşırlar. Ən uzağı saat 7-də evdən çıxacaqlar. Bəlkə də bir az da gec çıxmaq olar. Bəli, olar. Lakin onları evlərindən tez çıxaran böyük bir məsuliyyət hissidir. İşə yubanmağın mümkün olmadığı halın artıq beyinlərə sirayətidir. Bir də onlara həvalə olunan ölkənin asayişi və milyonlarla insanın taleyidir. Elə bütün bunlara görə də onlara məxsus gündə onlardan-polislərdən danışmaq istəyirəm...
Hamıdan əvvəl evdən çıxıb, hamıdan sonra evə gələnlərdən, gecənin yarısında olsa belə, hər bir çağırışa ildırım kimi sıçrayanlardan, hər addımda qarşılaşdığımız peşə sahiblərindən söhbət açmaq istəyirəm. Gecəli-gündüzlü aşayişimizin keşiyində əzmlə dayanan, vəzifə borcunu yuxusundan, istirahətindən önəmli hesab edən, biz yuxudaykən bəzən saatlarla oyaq qalan polislərdən, onların məsuliyyətli və çətin peşələrinə sevgilərindən söhbət açmaq istəyirəm...
Səhər açılır... İndi artıq bir neçə saatdır ki, onlar iş başındadırlar. Gecə növbələri artıq təhvil verilmiş, səhər işə tələsən polislər iş başına keçmişlər. İndi onlar hansısa bir əməliyyatın üzərində işləyirlər. Hansısa bir hadisənin üzərində təhqiqat aparır, anlizlər edirlər. Hansısa bir cinayət hadisəsinin axtarışındadırlar. Gecə səhərədək çalışıb, gözlərini yummayıb, ayaq üstündə qalıblar. Lakin səhər yeni iş günü həmin hadisələr haqqında hesabat vermək üçün məlumatlıdırlar.
Budur, artıq bizlər də evdən çıxırıq, hər birimiz öz işimizin ardınca. Küçədə, metroda, inzibati binaların qarşısında polislərlə qarşılaşırıq. Tanımadığımız ünvanları hər an soruşduğumuz, xoş üzlə, ətraflı cavab aldığımız polislərlə. Onlar artıq saatlardır ki, iş başındadırlar. Yolda qarşılaşırıq, yaşlı bir insanın qolundan tutub yolu keçməsinə köməklik göstərirlər. Kiminsə sualına cavab verirlər. Azyaşlı bir uşağa kömək edirlər. Parkda, küçədə hər kəsin arasındadır onlar. Asayişi qoruyurlar. Ayaq üstədirlər, gəzişirlər, ətrafa göz gəzdirirlər, sanki bu nəzərlər ətrafa bir sakitlik bəxş edir.
Geyindikləri uniforma səliqəsi, özünəməxsusluğu ilə diqqəti cəlb edir. Fərqliliyi ilə Azərbaycan polisinin obrazını formalaşdırır təxəyyüllərdə. Bu geyimlə sovet dövründəki Azərbaycan polisinin geyimi müqayisəolunmayacaq dərəcədədir. Bu geyimlər müstəqil ölkəmizə məxsusluğu ilə adama böyük qürur bəxş edir. Müstəqillik illərində nəinki onların geyimləri, polislərin çalışdıqları inzibati binalar da tamamilə müasirləşdirilib. Ən ucqar rayonlarda, kəndlərdə belə polis şöbələri, məntəqələri yeniləşdirilib. Onların təhsili dövlətimizin diqqətində saxlanılan vacib məsələlərdən biri kimi ötən illərdə bu sahə üzrə ali təhsil ocaqlarının yenidən qurulması, müasir təchizatı ilə nəticələnib.
Bütün bu düşüncələr Azərbaycan polisinin tarixinə də bir nəzər salınmasını tələb edir. 104 il əvvəl yaradılan Daxili İşlər Nazirliyi bu birəsrlik dövrün 70 ilini sovet imperiyasının buxovları çərçivəsində fəaliyyət göstərsə də, öz coğrafiyamıza, mentalitetimizə uyğun xüsusiyyətlərini qoruyub saxlayıb. Sovet imperiyasının əlimizdən almaq istədiyi, lakin nail ola bilmədiyi bir çox məqamlar kimi, polisimiz də bu xalqa, Vətənə sadiqlik nümunəsinə çevrilib.
Azərbaycan polisi ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətdə olduğu hər iki dövrdə təməlini qoyduğu müasir inkişaf strategiyası ilə həm 1970-ci illərdə, həm də müstəqilliyimizin ötən 30 ilində inkişaf dövrünü yaşayıb, artıq bu gün güclü bir orqana çevrilib. Sağlam cəmiyyətin formalaşmasında hüququn, qanunun və qanunun keşiyində duran insanların olmasının vacibliyini bilən ulu öndərin ölkədə və eləcə də xaricdə təhsil alan savadlı milli hüquqşünas kadrların hazırlığına diqqət artırması sonrakı illərdə öz bəhrəsini verdi. 1973-cü ildə Bakıda şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan Heydər Əliyev bu sahədə, demək olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafı naminə atdığı ən böyük addımlardan biri idi.
Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 18 ildə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirildi və zənginləşdirildi. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.
Polisin inkişaf mərhələləri bir-bir gözlər önündən keçdikcə onların həm Birinci, həm də İkinci Vətən müharibələrindəki, pandemiya dövründəki fəaliyyətlərini də xatırladır. Torpaqlarımızın azad olunmasında Daxili İşlər Orqanlarının əməkdaşlarının misilsiz əməyi olmuşdur. Pandemiya dövründə gözəgörünməz düşmənlə mübarizədə isə polisin zəhməti ölçüyəgəlməzdir.
Bütün dövrlərdə, bütün hadisələrdə polisin əməyi, zəhməti var. Onlar cəmiyyətimizin sakitliyi, dinc yaşayışımız, əmin-amanlığımızdır. İstənilən bir hadisədə polis bizim ədalət carçımızdır. Biz onların araşdırmalarında, təhqiqatlarında haqlı və ya haqsız tərəflər olduğumuzu bir daha dərk edirik.
Beləliklə günlər həftələrə, həftələr aylara, aylarsa illərə öz yerini təhvil verir. Qış olur, hava soyuyur, payız-yaz yağışları yağır, yay gəlir, havalar istinir. Bütün hava şəraitində polislər yenə də öz iş qaydaları, prinsipləri ilə çalışır, vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Onlar daim tələsirlər. Heç bir hava şəraiti, digər başqa işlər bu tələsmələrin qarşısını ala bilmir. Çünki onlar işlərindəki məsuliyyətə alışıblar. Bu səbəbdən də tələsməli, hər kəsdən əvvəl oyanmalıdırlar. Bizlər isə işə gedəndə, şəhərə çıxanda onları saatlar öncə iş başında görməyə alışmışıq...
Bir səhərin axşamı yaxınlaşır... Saatın əqrəbləri səhərki 6-nı axşam 6-ya çatdırır. Saat 7, 8, 9 olur... Bu peşə sahiblərini evlərdə xüsusi bir saatda gözləmək mənasızdır. Çünki onların evə gəlmə saatları bəlli deyil. Polislərdir onlar. Bizlər şam yeməyində də, istirahət saatlarında da onları görməyə bilirik. Çünki onlar hadisələrlə işləyirlər. Hadisələrin isə vaxtı, zamanı bilinmir, hadisələr hər an baş verir. Polislər isə o hadisələrin ardınca iş vaxtından sonra da iş başındadırlar. Ona görə də polis anaları, bacıları, övladları onların evə qayıtma saatlarını müəyyən edə bilmirlər. Onlar bilirlər ki, hadisə yoxdursa, ataları, qardaşları, övladları evə vaxtında gələcəklər. Hadisə varsa, onlar gecikirlər...
Polis həyatı, polis ömrü, polis peşəsi... Ötən günlərin hadisələri, cinayətləri formalaşdırır bu həyatı... Hər iş günü ötdükcə ömür yaradır. Hər məsuliyyətli iş günü bu peşənin sirlərindən söhbət açır, bir polisin yetişməsinə səbəb olur.
Beləliklə illər sıravi bir polis əməkdaşını vəzifələrdən vəzifələrə, rütbələrdən rütbələrə yüksəldir. Bu çətin və şərəfli peşənin sahibləri Vətənə, xalqa xidmət etmək missiyası ilə bir ömür yaşayırlar. Onların həyat yoldaşları da, övladları da bu peşənin həm çətinliyinin, həm də məsuliyyətinin bələdçilərinə çevrilirlər. Bir ailə polis ömrünü, polis həyatını yaşayır...
Bəli, yaşayır, yaşadıqca da qürur duyur: həyat yoldaşı, qardaşı, bacısı, övladı ilə. Çünki onlar polisdirlər. Həmişə qürur duyduğimuz, fəxr etdiyimiz peşənin sahibləridirlər. Bu yazıda onlardan-polislərdən söhbət açmaqla Polis Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən polislərin zəhmətindən, peşələrinin ağır və şərəfindən danışmaq, onların hər birini bayramları münasibətilə təbrik etmək istədim.
Bayramınız mübarək, əziz polislər! Sizinlə qürur duyuruq. Vətənimizin, cəmiyyətimizin həyatımızın sakitliyini, dincliyini, əmin-amanlığını qoruduğunuz üçün var olun. Bizsə hər an sizdən danışaq: Qürurla, fəxarətlə...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB