Şirvanda şəhid ailələri ilə görüş təşkil olunub

Şirvan şəhərində şəhid ailələri ilə növbəti dəfə görüş keçirilib. Toplantıda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, öncə toplantı iştirakçıları “Şəhid anası” memorial abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhid analarına ehtiramlarını bildiriblər. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Sonra naməlum əsgər məzarları ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşdə onlara vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirib. Xalqımızın tarixinə şərəflə yazılan 44 günlük Vətən müharibəsindən söz açılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət siyasəti və ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyindən danışılıb. İşğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğu vurğulanıb. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulmasının, irimiqyaslı layihələrin həyata keçirilməsinin hər birimizdə qürur hissi doğurduğu söylənilib. Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyi vurğulanıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edilib. Vətən uğrunda vuruşan, canından keçən qəhərmanların dövlətimizin başçısı tərəfindən yüksək dəyərləndirildiyi, fəxri adlar, orden-medallarla təltif edildiyi vurğulanıb. Şirvan şəhidlərinin də hər birinin medallarla, 6 şəhidin isə ordenlə təltif olunduğu bildirilib. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 Vətən müharibəsi şəhidinin yaşadıqları küçələrə adları verilərək əbədiləşdirildiyi qeyd edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin istəkləri ilə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə