"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın Əsasnaməsi və təsviri təsdiqləndi

Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)” Azərbaycan Respublikasının yubiley medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda yeni hissə əlavə olunur:

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı.”.

Həmçinin, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilir (əlavə olunur).

Eyni zamanda, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

***

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

1.1.2. ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

1.1.3. ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

***

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi dairəvi xətlə haşiyələnmişdir, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) embleminin elementləri olan günəş, yarpaq, dağ (zirvə) və dalğa rəmzli kvadratlardan ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın ön tərəfində yuxarıdan aşağıya doğru çevrə boyunca “ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri həkk olunmuşdur və yuxarı hissənin mərkəzində, yazıların arasında, səkkizguşəli ulduz təsvir edilmişdir.

2.3. Medalın ön tərəfinin səthi nahamardır, dairəvi xətt, emblem, səkkizguşəli ulduz və sözlər relyeflidir, boz rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

3.3. Bütün yazılar və rəqəmlər relyefli və boz rəngdədir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm, aşağı hissəsinə isə 40 mm x 5,5 mm ölçülü boz rəngli metal lövhə bərkidilmişdir.

4.2. Xara lentin üzərində mərkəzdə 7 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru 15 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...