YAP Binəqədi rayon təşkilatında Ordu Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov, Vətən müharibəsi qaziləri, rayon təşkilatının üzvləri iştirak ediblər.

Tədbirdə öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan Silahlı Qüvvələri çox keşməkeşli və şərərfli yol keçib. Lakin silahlı qüvvələrimiz bu gün ən inkişaf etmiş dövrünü yaşayır. Sözsüz ki, ordu quruculuğunda aparılan islahatlar, əldə olunan yüksək inkişaf, vahid komandanlıq müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Vətən müharibəsində qazandığımız tarixi qələbə ordumuzun gücünü və vətənpərvərliyini bariz şəkildə sübut edir. V.İsmayılov çıxışında bütün xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov çıxışında tarixi proseslərə nəzər salıb. Silahlı qüvvələrimizin yaranma tarixindən və fəaliyyətindən söhbət açıb. Azərbaycan ordusunun qüdrətinin bütün dünyada artıq təsdiq edildiyini söyləyərək, bunun üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuza minnətdarlığını bildirib. Ordumuz sözün əsl mənasında misli görünməmiş tarix yazıb. Vətən müharibəsində zəfər çalaraq tarixi torpaqlarımızı düşməndən azad edib. Artıq qalib xalqın nümayəndələri kimi başımız dikdir və bu əbədi olaraq belə olacaq.

Tədbirdə, həmçinin Vətən müharibəsinin qaziləri Ruslan Şıxıyev, Tural Abdullayev, Ceyhun Sədrayev çıxış edərək, Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyin və qalib gəlməyin həyatlarının ən parlaq səhifəsi olduğunu bildiriblər. Bütün gücü və inamı xalqımızdan aldıqlarını və bu gün də Vətənimiz uğrunda döyüşməyə hazır olduqlarını qeyd ediblər.

Daha sonra tədbirdə ordumuzda aparılan davamlı islahatlar, IX Qlobal Bakı Forumu, Şuşa Bəyannaməsi, işğal altında qalan ərazilərimizdə ermənilərin törətdikləri vandalizm aktları, Ermənistanla münasibətlərin normallaşması və s. mövzularda gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə qazilərimizə xatirə hədiyyələri təqdim edilib, onların timsalında göstərdikləri qəhrəmanlıqlara görə, bütün qazilərimizə bir daha minnətdar olduqları bildirilib.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...