“Böyük Qayıdış” Gənclər Təşkilatı tədbirlər keçirib - FOTOLAR

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib. Tədbirlərin təşkil olunmasında məqsəd gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclər arasında hərb elminə marağın yaradılması, hərb tariximiz, tarixi Zəfərimiz və rəşadətli ordumuz haqqında məlumatlılığın artırılması olub. SİA xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Bakı Atıcılıq Mərkəzində “Hədəf12” gənclər arasında atıcılıq turniri keçirilib. Gənclərin böyük marağına səbəb olan turnirə 500-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc 18 komanda şəklində qalibiyyət uğrunda mübarizə aparıb. Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Üç mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Canavarlar” komandası qalib elan olunub, “Yalquzaq” və “Zəfər” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.

Mükafatlandırma mərasimində millət vəkili Vüqar İskəndərov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və təşkilatın idarə heyətinin üzvləri qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələrini təqdim ediblər.

Növbəti tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Şuşa fatehlərinin iştirakı ilə baş tutub. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfalar dilənib. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edərək Şuşanın azad olunmasında iştirak edən Vətən müharibəsi qaziləri gənc kursantlara müharibə zamanı ordumuzun döyüş əhval-ruhiyyəsi, psixoloji hazırlığı, cəbhədən yaddaqalan xatirələr, 44 gün boyu üzləşdikləri çətin anlar, xalq və ordu birliyi haqqında məlumat verib, onların suallarını cavablayıblar. Tədbirdə Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsinə xüsusi diqqət göstərdiyi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan hərb sahəsində peşəkarlığın artırılmasının, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının Vətən müharibəsi dövründə əldə edilən qələbə ilə bir daha sübuta yetirilməsi faktı diqqətə çatdırılıb.

Silsilə tədbirlər çərçivəsində üzv gənclərin iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub. Gənclər ekskursiya zamanı açıq səma altında qoşun növləri üzrə hərbi texnikadan ibarət ekspozisiyanı, muzeyin daxilində isə qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət ediblər.

Silahlı Qüvvələr Günü münasibətilə növbəti tədbir Vətən müharibəsi qazilərinin və təşkilatın könüllü gənclərinin iştirakı ilə baş tutub. Səmimi ortamda keçən görüşdə qazilər qazanılan tarixi qələbəmizdən gənclərə söz açıb, keçdikləri döyüş yolu haqqında danışıblar. Sonda təşkilatın fəaliyyətində aktiv iştiraklarına görə bir qrup Vətən müharibəsi qazisinə və hərbi vətənpərvərlik layihələrində iştirak edən könüllü gənclərə təşəkkürnamələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə