Rektorlar Konfransı ali təhsilin keyfiyyətinin artırılması üçün mühim vasitədir

24 iyun 2022-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində növbəti toplantı baş tutdu. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr iştirak etdilər. Geniş tərkibdə həyata keçirilən görüşün əsas məqsədi layihə çərçivəsində Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi oldu. Tədbiri giriş sözü açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov toplantı iştirakçılarını salamladı və qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə öz səmimi təbriklərini çatdırdı. Rektor şanlı Azərbaycan ordusunun şücaəti və müzəffər Ali Baş Komandanımızın polad iradəsi və dəmir yumruğu hesabına 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdən söz açdı. Daha sonra rektor tədbirin həyata keçirilməsində verdiyi böyük dəstəyə görə Təhsil Nazirliyinə öz dərin təşəkkürünü bildirdi. İbad Abbasov çıxışında sözügedən layihənin icrası və uğurları barəsində bir sıra mühüm məlumatları tədbir iştirakçılarının diqqətinə təqdim etdi.

Daha sonra Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək toplantının təşkili üçün Bakı Biznes Universitetinə təşəkkürünü bildirdi və təhsil sahəsində aparılan islahatlardan söz açdı. Nazir müavini təhsilinin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs etdi. İdris İsayev “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəminə toxunaraq qeyd edilən məqsədlərə nail olmaqda faydalı olacağını bildirdi. İ.İsayev ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübələrin bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu addım olduğunu və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə etdi. İ.İsayev həmçinin Rektorlar Konfrasının tərkibində təklif edilən komitələrin təhsil strategiyasına uyğunluğunu da vurğuladı. Nazir müavini ali təhsil müəssisələrinin layihədə yaxından iştirak edərək öz tövhələrini vermələrinin vacib olduğunu xüsusilə diqqətə çatdırdı və toplantının işinə uğurlar arzu etdi.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış etdi. G. Bayramova layihənin məqsədi, hədəfləri və fəaliyyət planı barəsində məlumatları toplantı iştirakçıları ilə bölüşdü. Daha sonra o, layihə çərçivəsində bugünə qədər yerinə yetirilən fəaliyyətlər, o cümlədən ali təhsil müəssisələri arasında aparılan tədqiqatlar və onların nəticələri, ehtiyacların təhlili barədə danışdı. Yekunda G.Bayramova Konfransın təşkilati strukturu, idarə heyəti barəsində təklifləri müzakirəyə təqdim etdi.

Toplantıda Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi önəm kəsb etdiyini vurğuladılar. Çıxışçılar Rektorlar Konfransının strukturu, fəaliyyət mexanizmi və digər məsələlər barəsində suallar və təkliflərlə müzakirələr apardılar. Müzakirələrdə layihənin işində yaxından iştirak edən nazir müşaviri Nicat Məmmədli çıxış edərək Rektorlar Konfrasnının real nəticələr əldə etməklə beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya olunmaq üçün mühüm vasitə olduğunu və bu istiqamətdə layihənin uğurla həyata keçirildiyini qeyd etdi.

Yekunda Təhsil Nazirinin müavini İdris İsayev toplantının yekunlarına dair çıxış edərək hər kəsə uğurlar arzu etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə