Vicdanın azadlığı və medianın vicdanı - ANALİZ

Vicdanın azadlığı və medianın vicdanı - ANALİZ

Nədi ayə, nə bərəldirsən o qarə gözünü,

yoxsa bu ayinədə əyri görürsən özünü?!

M.Ə.Sabir

Media ictimai rəyə ciddi təsir edən, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olması daim müzakirə obyektidir. Media azadlığı vicdan azadlığı kontekstində dəyərləndirilməlidirmi? Peşə etikasına riayət etmək, yaradılmış şəraitdə öz işinə vicdanla yanaşmaq bu azadlıqların əsas şərtidirmi? Bu yazımızda bunu aydınlaşdırmağa çalışacağıq.

Mətbuat azadlığı necə tənzimlənməlidir?

Dünyada olduğu kimi, Azərbaycanda da son zamanlar söz və mətbuat azadlığı məsələsi həmişə aktualdır. Bu məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

Media və söz azadlığına çərçivə qoyulduqda bəzi dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər. İfrat-azadlıq şəraitində də tam fərqli problemlər yaşanır. Bu zaman bəzi jurnalistlər özü bu şəraitdən sui-istifadə edə bilir, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana bilir.

Ölkəmizdə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.

Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu vəziyyətdə “media azadlığı necə tənzimlənməlidir”, ya da “media azadlığına hansısa çərçivələr qoyulmalıdırmı” sualları ortaya çıxır.

Beynəlxalq təcrübəyə baxsaq, ölkələrin hamısında media qanunvericiliyi və jurnalistika mühiti, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır.

Hər ölkənin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli ictimai formasiyalarda formalaşıb. Bu səbəbdən də dünya təcrübəsi ilə milli ənənələri uzalaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi tapılmalıdır. Yeni qəbul olunmuş Media haqda Qanun və yeni yaradılmış Medianın İnkişafı Agentliyi bu məsələləri tənzimləmək üçün böyük imkanlar yaradır.

Ultra-azadıq, yoxsa qırmızı cizgilər?

Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı, dövlətin mediaya yardımları müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.

Bu gün mediamızda dünya standartlarının tətbiqinə çalışılır, lakin hələ ki, bunun reallaşmasına bəzi faktorlar maneə törədir. Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, müasir jurnalistika təhsili və peşəkar təcrübə qazanma üçün imkanların azlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının formalaşmaması, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu, stereotiplərdən çıxmaqda çətinliklər kimi faktorlar önəmli rolu oynayır.

Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün mövcud vəziyyəti nəzərdən keçirməyə ehtiyac var.

Tam nəzarətsizlik və cəzasızlıq şəraitində, ultra-azadlıq mühitində aşağıdakılar baş verir:

1. Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, istənilən kənar şəxsin bir vəsiqə alaraq jurnalist kimi ortada dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.

2. Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.

3. Oxucu auditoriyasının minlərlə qəzet, sayt arasında parçalanması nəticəsində hər media vasitəsinin izləyici sayı aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.

4. Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.

5. Bir çox qəzetlər, saytlar yaranmış münbit şəraitdən maksumum yararlanaraq reketçiliklə məşğul olmağa başlayır və jurnalistikanı gözdən salırlar.

Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar “simsiz teleqrafla” xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.

Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin hər məsələdə “qızıl orta” deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir. Azərbaycanda bu üçüncü yolun seçildiyi aydın görünür.

Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.

Əgər ölkədə media azadlığı olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mediasını izləyəndə hər gün yüzlərlə ciddi qanun pozuntusuna, məmurların təhqirinə, vətəndaşların şantajına rast gəlmək olur. Amma jurnalistlərin məhkəməyə vermə hallarına çox nadir hallarda rast gəlinir.

İctimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl həyata müdaxilə belə əsaslandırıla bilər. Lakin bu demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.

Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Vəziyyət o yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə və buna görə həbs ediləndə yazırlar ki, bəs filankəs jurnalist olduğuna görə azad edilməlidir.

Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan “jurnalist”lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə “jurnalist”lərə qarşı mübarizəni ilk növbədə elə biz özümüz aparmalıyıq.

Yoxsul jurnalistdən vicdanlı iş və peşəkarlıq gözləməyə dəyərmi?

Jurnalistlərin sosial vəziyyətinin ağır olması, çətin şəraitdə çalışması heç kimə sir deyil. Bu sahədə çalışanların 80 faizinin mənzili yoxdur, onsuz da aşağı olan (300-500 manat) əməkhaqqının azı yarısı kirayə haqqına sərf olunur. Özü də əksəriyyəti ictimai əsaslarla çalışır, sosial sığorta, pensiya fonduna köçürmələr yoxdur.

Orta statistik jurnalist ailəsində adambaşına maksimim 100 manat düşür ki, bu da yaşayış minimumdan 2 dəfə aşağıdır. Yoxsulluq həddindən də aşağı səviyyədə yaşayan, problemlərdən başı açılmayan jurnalistdən hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

Hazırda jurnalistlər minimal yaşayışlarını təmin etmək üçün azı 2-3 yerdə işləməyə məcburdur. Ya da gün ərzində 2 qat, 3 qat çalışmağa. Bu halda iş keyfiyyəti də təbii olaraq aşağı düşür.

Peşəkarlar adətən az əməkhaqqına işləmirlər, cüzi əməkhaqqı ilə əməkdaşlar işlətmək istəyən media orqanları isə praktikantları işə cəlb edirlər ki, bu da indiki vəziyyətin yaranmasına gətirib çıxarıb. Son vaxtlar televiziya, radio və mətbuatda (hətta kitablarda da) elə biabırçı səhvlər gedir ki (mexaniki səhvlərdən söhbət getmir), adam heyrətə gəlir. İbtidai sinif təhsili ilə belə, bu cür səhvə yol vermək olmaz.

Daha bir problem də qiymətləndirmədə ədalətsizliklə bağlıdır. Əksər redaksiyalarda jurnalistin yazıları sayına və həcminə görə dəyərləndirilir, keyfiyyətə görə yox. Belədə, zəhmətin qarşılığı arxa plana keçir.

Məsələn, tutaq ki, əməkdaşlardan biri xeyli əziyyət çəkib ortaya ciddi bir araşdırma, analiz və ya reportaj qoyub, digəri isə zəif, maraqsız az əmək sərf edilən standart 2 yazı verib. Bu 2 yazıya görə daha çox qonorar ödənilir. Beləliklə də, birinci jurnalist keyfiyyətli yazı yazmaqda maraqlı olmayacaq və nəticədə qəzetin səviyyəsi aşağı düşəcək.

“4-cü hakimiyyət”in 1-ci funksiyası

Jurnalist olaraq bizim əsas vəzifəmiz cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməkdir. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkməliyik. Cəmiyyətdə medianın, jurnalistlərin nüfuzünü qorumaq istəyiriksə, öz missiyamızı vicdanla yerinə yetirməliyik. Jurnalistikanın əsas kriteriyaları isə, obyektiv, tərəfsiz və... ən əsası vicdanlı olaraq çalışmaqla şərtlənir.

Qərbdə jurnalistləri “cəmiyyətin gözətçi köpəyi” adlandırırlar. Bu vəzifə şərəflidir və cəmiyyətin inkişafına böyük təsir göstərir. Azərbaycanda bütün jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.

Medianın 3 əsas vəzifəsinin olduğu məlumdur- məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Bunların hamısı önəmlidir, lakin hansının daha önəmli olması haqda uzun zamandır mübahisələr gedir.

Əslində, bu hər bir cəmiyyətin mənəvi-psixoloji vəziyyətindən asılıdır. Bizim hazırki vəziyyətimizdə məlumatlandırma və maarifləndirməyə böyük ehtiyac var. Söhbət ciddi mediadan gedir. Əyləndirmə ilə məşğul olan bu sahədə ixtisaslaşmış media vasitələri hər zaman mövcud olur. Həm də bunun üçün mediadan başqa da vasitələr var.

Ümumiyətlə, fikrimizcə, medianın qəbul olunmuş bu 3 standart vəzifəsinin xaricində daha bir və ən əsas vəzifəsi də var. Media sadə vətəndaşların səsini cəmiyyətə və dövlətə çatdırmalı, dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır. Azərbaycanda jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.

Dünyada ən təhlükəli peşələrin ilk üçlüyündə jurnalistikanın da adı var. Qısası jurnalistika vicdanlı, cəsarətli və fədakar insanlar tələb edir. Mediamızı belə insanlar yüksəldəcək.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Bütün xəbərlər Facebook səhifəmizdə