Yerli məhsulların qiyməti niyə bahadır? - BAZARDAN REPORTAJ

Son günlərdə bazarlarda, marketlərdə mövsümi meyvələrin və digər məhsulların qiymətlərində artımın olduğunu müşahidə edirik. Bu səbəbdən məsələni araşdırmaq məqsədi ilə SİA olaraq “8-ci kilometr” bazarına yollandıq.

Bazara daxil olduqda piştaxtalarda yerləşdirilən bir-birindən gözəl, rəngbərəng mövsümi meyvələr diqqəti cəlb edir. İlk olaraq limon satışı ilə məşğul olan satıcıya yaxınlaşdıq. Satıcı Nəcibə Əsgərovanın dediklərinə görə, Lənkəran limonu sentyabr-oktyabr aylarında yetişir: “Hazırda Lənkəran limonu yetişməyib deyə, Türkiyədən gələn limonları satıram. Burada hər qiymətə limon var. Satış çox yaxşıdır. Hər kəs limon alır”.

Piştaxtasında cürbəcür meyvələr satan satıcıya yaxınlaşdıq. Satıcı Vəli Nuriyev bildirib ki, o, müxtəlif meyvələr satır: “Xüsusilə mövsümi meyvələrdir. Çox şükür satış var. Mövsümi meyvələr satdığıma görə, hər kəs bu meyvələrdən alır. Gündəlik olaraq 100-150 kilo meyvə satıram”.

Ərik və çiyələk satan satıcıya yaxınlaşdıq. Satıcı Yeganə Vəliyeva bildirib ki, ərik Goranboy əriyidir: “Çiyələk isə Xaçmazdan gətirilib. Hər iki meyvənin də kilosu iki manatdır. Əslində, meyvələrin qiyməti başqa yerdə daha bahadır. Amma mən ucuz satıram”.

Pomidor satışı ilə məşğul olan Cəlil İsayev bildirib ki, pomidorun kilosu 1 manatdır: “Çox şükür satış var. Gün ərzində 200-300 kilo satıram. Əvvəlki dövrlərə nisbətən bu il pomidorun qiyməti ucuzlaşıb. Ucuzlaşmağının səbəbi də odur ki, bu il pomidor boldur”.

Alça satışı ilə məşğul olan Şaxsənə Əliyeva bildirib ki, o, alçanın kilosunu 1 manat 50 qəpiya satır: “Alçalar Qəbələdən gətirilib. Əvvəllər daha çox satış olurdu. Amma son günlər o qədər də yaxşı satış olmur”.

Satıcı Nofəl Tağıyev bildirib ki, çiyələklərin qiyməti 1-2 manatdır: “Əsasən, mövsümi meyvələr satıram. Moruğun kilosu isə 2 manat 50 qəpikdir. İllərdir bu bazarda işləyirəm. Satış çox yaxşıdır”.

Quru meyvələrin, xurmaların satışı ilə məşğul olan Əhməd Məmmədov bildirib ki, qışa nəzərən yayda qiymətlər qalxıb: “Biz xüsusilə quru meyvələr satırıq. İsanlar qışda quru meyvələrə daha çox üz tuturlar. Yayda o qədər satış olmur.

Bəs, gəlin görək bazardakı məhsulların qiymətləri ilə bağlı alıcılar nə düşünür?

Alıcı Eldar Xəlilov: “Bazarlardakı qiymətlər pis deyil. Bu gün 5-6 kilo vişnə, şaftalı almışam. Qiymətlər məni qane edir. Həmişə bu bazara gəlirəm".

Alıcı Tahirə Abbasova: “Bazarda qiymətlər məni qane edir. Bu gün ərik, şaftalı və gilas almağa gəlmişəm. Düşünürəm ki, indiki şəraitə baxmayaraq qiymətlər çox yaxşıdır”.

Alıcı Zakir Ağayev: “Elə yerlər var ki, orada qiymətlər bizi qane edir, elə yerlər də var ki, qiymətləri, ümumiyyətlə, qane etmir. Bu bazar bizi qane edir. Amma Yaşıl bazar, Şərq bazarının qiymətləri bizi qane etmir. Daim olaraq bu bazardan bazarlıq edirik".

Alıcı Əzim İslamov: “Bazarda qiymətlər çox yaxşı və ucuzdur. Həmişə bu bazardan alış-veriş edirik. Çünki buradakı məhsullar çox keyfiyyətlidir”.

Alıcı Mühiddin Quliyev: “Bazarlarda qiymətlər normaldır. Həmişə bu bazardan alış-veriş edirəm və qiymətlərdən razıyam”.

Alıcı Bəhram Rüstəmov: “Əlbəttə, alış-verişi bazardan edirik. Amma qiymətlər qane etmir. Çox bahadır”.

Alıcı Xəyalə Məmmədova: “Mən həmişə bu bazardan alış-veriş edirəm. Çünki "8-ci kilometr" adlı bazar çox ucuzdur. Burada hər kəsin cibinə uyğun məhsullar satılır. Bu gün gilas, ərik, pomidor, xiyar, çiyələk aldım”.

Alıcı Tahir Quliyev: “Ötən illərə nisbətən bu il meyvələrin qiyməti çox bahadır. Alış-veriş üçün hər dəfəsində bu bazara gəlirəm. Çünki burada qiymətlər digərlərinə nisbətən ucuzdur”.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...