Ət məhsullarının ucuzlaşmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Ət məhsullarının ucuzlaşmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Dünya qlobal ərzaq problemi ilə qarşı-qarşıyadır. Bir çox məhsulların qiyməti bahalaşıb. Qiymət artımı cəmiyyətin həyatına öz mənfi təsirini göstərir. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ət məhsullarının ucuzlaşması ilə bağlı qərar qəbul edib. Bəs görəsən şəhər sakinləri ətin ucuzlaşması ilə bağlı hansı fikirdədirlər. SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Afaq Sadıqova: “Hazırda bir çox məhsulların qiyməti bahalaşıb. İnsanlar evlərinə düz əmməli bazarlıq edə bilmir. Mövsüm meyvələri də çox bahadır. Ət məhsullarının qiymətinin ucuzlaşması yaxşı olardı. Ət əsas məhsullardandır. Ətin hazırkı qiyməti təbii ki, bahadır”.

Şəhər sakini Gülşən Şirinova: “Əlbəttə, ət məhsullarının qiymətinin ucuzlaşması hamıya xeyirdir. Yaxşı qərardır. Əgər bu qərarı yerinə yetirəcəklərsə, bir çox insan bu qərardan faydalanar. İndi hər şey od bahasınadır. Ailə saxlamaq asan iş deyil. Xarici məhsullar da od qiymətinədir, öz məhsullarımız da. Əvvəl 20 manata 2 çanta bazarlıq etmək olurdusa, indi 20 manata 1 çanta belə dolmur”.

Şəhər sakini Bəxtiyar Abdullayev: “Bəzi ailələr var ki, evlərində hər gün ət yeyirlər, bəziləri isə çox az hallarda ət yeyirlər. Ətin qiyməti sadə camaat üçün təbii ki, bahadır. Nəinki ətin hətta bəzi məhsulların da qiymətinin ucuzlaşması yaxşı olardı”.

Şəhər sakini Esmira Nəzərli: “Əslində, hər gün ət yemək ziyandır. Amma ətin tərkibində olan zülallar, yağlar insan orqanizmi üçün xeyirlidir. Ət məhsullarının ucuzlaşması xəbəri olduqca yaxşı xəbərdir. Bu zaman insanlar rahat şəkildə ət ala bilərlər. Düşünürəm ki, ətdən əlavə digər məhsulların da qiymətini ucuzlaşdırsalar, daha yaxşı olar”.

Şəhər sakini Rahilə Xəlilova: “Ət məhsullarının qiymətinin ucuzlaşması yaxşı olar. Amma keyfiyyətsiz ətin yox. Əgər keyfiyyətsiz ətlərin qiyməti ucuzlaşacaqsa, bu, heç nəyə yaramayacaq. Bundan əlavə yağların da qiyməti çox bahadır və bir çox marketlərdə geni dəyişdirilmiş yağları satışa çıxarırlar. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə ciddi yanaşmalıdır. Gələcəyimizi bu geni dəyişdirilmiş məhsullarla zəhərləmək düzgün deyil”.

Şəhər sakini Tahir Rəcəbov: “Təkcə ətlə bütün problemlər həll olunmur. Düzdür, ətin qiymətinin ucuzlaşması yaxşıdır. Çünki elə ailələr var ki, aylarla ətdən istifadə edə bilmirlər. Niyə? Çünki qiyməti bahadır. Amma digər məhsulların da ucuzlaşması üçün qərar qəbul edilsə, yaxşı olardı. Bu saat heç kəsin dolanışığı yaxşı deyil. Xərclərin sayı-hesabı yoxdur. Digər məhsulların da qiymətinin ucuzlaşması daha yaxşı olardı”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə