Azərbaycan Milli Kitabxanası dəyirmi masada iştirak edib - FOTOLAR

İyunun 23-də M.İ.Rudomino adının Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası tərəfindən beynəlxalq ekspertlərin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin, kitabxana rəhbərlərinin və əməkdaşlarının, İkinci Dünya Müharibəsi tarixi üzrə mütəxəssislərin və gənclərlə iş üzrə mütəxəssislərin iştirakı ilə “Kitabxanalar ictimai yaddaş institutları kimi” mövzusunda hibrid formatında dəyirmi masa keçirilib. SİA xəbər verir ki, Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin iştirakçıları salamlayaraq hər kəsə uğurlar arzulayıb.

Sonra Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun video çıxışı təqdim olunub. Direktor çıxışında dəyirmi masa iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Qeyd edib ki, Milli Kitabxana 2020-ci ildə 2 cildlik “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” adlı azərbaycan və rus dillərində fundamental biblioqrafiya hazırlayaraq nəşr edib. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanasının Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə tərtib etdiyi “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyası geniş material bazasına malik olduğu üçün iki kitabda nəşr olunması qərara alınmışdır. Kitablar dil faktoru nəzərə alınaraq Azərbaycan və rus dillərində ədəbiyyatı əhatə edir. Azərbaycan dilində materialları əhatə edən 1-ci kitabda mövzu üzrə zəngin material toplanmışdır. Biblioqrafik göstəricidə müharibə zamanında və sonrakı illərdə dərc edilmiş materiallar ayrı-ayrı mövzular üzrə qruplaşdırılmış, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilmişdir. Biiblioqrafik göstəricinin 2-ci hissəsi rus dilində nəşr olunub.

Bundan əlavə, professor K.Tahirov müəllifi olduğu və faşizm üzərində tarixi qələbənin qazanılmasında Vətən oğullarının rolundan bəhs edən “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: 1941-1945-ci illər” adlı kitabının da dərc edildiyini, Milli Kitabxananın əməkdaşları tərəfindən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş virtual sərginin və “Böyük Qələbə” adlı Elektron məlumat bazasının hazırlandığını iştirakçılarındiqqətinə çatdırmışdır.

Dəyirmi masada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində ön və arxa cəbhədə göstərdiyi fəaliyyətindən bəhs edib.

Onlayn iclasın moderatoru Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müşaviri, V.V.Mayakovski adına Mərkəzi Dövlət Kütləvi Kitabxanasının elmi katibi və Beynəlxalq Əməkdaşlıq Bölməsinin, İdarə Heyətinin üzvü və sədri Svetlana Anatolyevna Qoroxova olub.

Sonra Azərbaycan Milli Kitabxanasının “Biblioqrafik və elektron informasiya xidməti şöbəsi”nin “İnformasiya” bölməsinin müdiri Pərvanə Qurbanova “Kitabxanalar – Qələbə şahidləri” adlı beynəlxalq açıq resurs üçün Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Milli Kitabxananın fondundan hazırlanan resursları iştirakçılara təqdim edib. O, Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı, eləcə də Azərbaycan Milli Kitabxanasının həmin dövrlərdəki fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib. Böyük Vətən Müharibəsininiştirakçısı və qəhrəmanı olmuş 7 Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları, onların keçdiyi döyüş yolu, qazandıqları uğurlar haqqında danışıb.

Tədbirdə A.S.Puşkin adına kitabxananın əməkdaşları qəhrəman Azərbaycan oğullarının Böyük Vətən Müharibəsində göstərdikləri şücaətdən bəhs edən təqdimat ediblər.

Sonda dəyirmi masanın nəticələri, iştirakçıların fikirləri və gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb və xatirə şəkili çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə