BNA ictimai nəqliyyat sektorunda hegemonluq etmək istədi - İRAD - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“Səhər saatlarında avtobusların çatışmazlığı özünü tam aydın şəkildə büruzə verir. Səhər saatlarında və işdən çıxış saatlarında bu hallar tez-tez yaşanır. Çünki Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat sektorunda hegomonluq etmək istədi". Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, daşıyıcı şirkətləri sıxışdırmağa başladı və şəhərin əsas marşrut xətlərini ələ keçirərək “BakuBus”a verdi: "Bununla da bir monopoliya sistemi yarandı. Yəni ən rahat marşrutları “BakuBus” götürdü. Özlərinə uyğun şərtlər qoymaqla öz istədiklərinə nail oldular. Sonradan “BakuBus”u dağıtmağa başladılar. “BakuBus”un 300-ə yaxın avtobusu istismara yararsız halda Hövsan qəsəbəsindəki dayanacaqda çürüməkdədir. 300 avtobus bu gün paytaxtda çox böyük yükü daşıya bilən bir vasitədir. Amma BNA-nın səhlənkarlığı və sariştəsizliyi nəticəsində həmin avtobuslar bu gün istismara yararsız halda orada çürüyür. Hansısa bir avtobus xarab olduğu zaman təzə avtobusu söküb detallarını o birinə yığmağa başlayıblar. Bu vəziyyətdən çıxış yolu deyil. Dövlət buna milyonlarla pul xərcləyir. Dünənə qədər BNA daşıyıcı şirkətlərə deyirdi ki, köhnə avtobusları yığışdırsınlar. 2015-də gətirilən avtobuslar nə tez köhnəldi ki, istismara yararsız adı altında saxlayırlar. Ona görə də bu gün “BakuBus”un marşrutları üzrə hərəkət edən avtobusların sayı kifayət qədər deyil. Tender keçirib həmin marşrutları alanda BNA şərt qoymuşdu ki, həmin marşrutda 15 avtobus olmalıdır. Bəli həmin ərəfələrdə “BakuBus” 15 avtobusu təmin edə bilirdi. Amma getdikcə bu avtobuslar sıradan çıxmağa başladı və 15 əvəzinə artıq 7-8 avtobus marşrut xətti üzrə hərəkət edir. Nəticədə də sərnişin sıxlığı yaranır, sərnişinlər problem yaşayırlar, vaxtında mənzilbaşına çata bilmirlər.

Düşünürəm ki, ictimai nəqliyyat sektorunda sahibkarlara dəstək olmaq lazımdır. Sahibkarlar bu işi sakit şəkildə həyata keçirə bilərlər. “BakuBus” dövlət şirkəti olduğu üçün dağıtdılar, yedilər, batırdılar. Amma sahibkarlar bu cür yanaşmır, onlara öz malı kimi yanaşdığı üçün hər şey öz qaydasında davam edir. Ona görə bu işi nəzarət altında sahibkarlara həvalə etmək lazımdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə