“Narkomaniya: Yuxuya hərislikdən ölümə” adlı tədbir keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatının təşkilatçılığı ilə əsrin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə çərçivəsində “Narkomaniya: Yuxuya hərislikdən ölümə” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İmişli rayon icra hakimiyyətinin əməkdaşları, İmişli rayon prokuroru Valeh Səmədov, DTX-nin İmişli rayon şöbəsinin rəisi Namiq Ağayev, İmişli rayon polis şöbəsinin rəis müavini Akif Nəsirov, idarə, müəssisə rəhbərləri, məktəb direktorları və YAP fəalları iştirak ediblər.

İlk olaraq “Narkomaniya: Yuxuya hərislikdən ölümə” videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd edib ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Natiq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərman və Sərəncamları xüsusi olaraq qeyd edib.
Çıxış edən İmişli rayon prokuroru Valeh Səmədov bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ictimaiyyətin üzərinə düşür.

Çıxış edən İmişli rayon Polis Şöbəsinin rəis müavini Akif Nəsirov bildirib ki, bu günədək rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxlu fakt aşkarlanıb və dövriyyədən çıxarılıb. Bu gün polis əməkdaşları, eyni zamanda, maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir.

Digər çıxış edənlər narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə