İsti yay aylarında qidamıza necə diqqət etməliyik? - QİDA EKSPERTİ AÇIQLADI

İsti yay aylarında qidamıza necə diqqət etməliyik? - QİDA EKSPERTİ AÇIQLADI

“İsti havalarda maddələr mübadiləsi yavaşlayır, həzm sistemi isə nisbətən azalır. Ona görə yaxşı olar ki, asan və tez həzm olunan eyni zamanda vitamin və mineral dəyəri zəngin olan meyvə-tərəvəzləri rasionumuza daxil edək”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, həmçinin zülal tərkibli qidalara da önəm vermək lazımdır: “Yaxşı olar ki, səhər yeməyində yüngül qidalardan-pendir, yağ, zeytun, çərəz qəbul edək. Mütləq şəkildə tərəvəzlərdən qəbul edərkən onun daha çox mövsümü olduğuna diqqət etməliyik. Buna pomidor, badımcan, balqabaq və s. bu kimi tərəvəzləri aid edə bilərik. Günlük yeməklər əgər tərəvəzlərdən hazırlanırsa bişəndən dərhal sonra yeyilməsi daha çox tövsiyyə olunur. Yay aylarında temperatur yüksək olduğu üçün tərəvəzlərdən hazırlanmış qidalar xarab olmağa daha çox meyilli olur və tərkibindəki bakteriyalar sürətli şəkildə çoxaldığı üçün zəhərlənmə halları da baş verə bilər. Ona görə, bu hallara diqqət etmək üçün tərəvəzli yeməkləri çox saxlamaq olmaz. Bütün bunlarla yanaşı yay aylarında qızardılmış, xəmirli və həddindən artıq ətli yeməklərdən az istifadə olunmalıdır. Ətin əvəzinə balıq və toyuqdan istifadə edilməsi daha çox məqsədəuyğundur. Ətdən də həftədə 2 dəfə 150 qram olmaqla istifadə etmək olar. Gün ərazində 3-4 meyvə qəbulu daha yaxşıdır. Bu aylarda mövsümi meyvələr alça, ərik, şaftalı, armud və s. meyvələrdir. Mütləq şəkildə maye miqdarına diqqət etməliyik. Gün ərzində ən azı 2 litr maye qəbulu məqbul sayılır. Çəkisi artıq olan insanlar isə 2 litrdən çox su içə bilərlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə