Şıxov çimərliyində BİR GÜN - REPORTAJ-VİDEO

Şıxov çimərliyində BİR GÜN - REPORTAJ-VİDEO

Yayın şiddətli istilərində sərinləmək istəyən sakinlər çimərliklərə üz tutur. Onları bəzisi burada asudə vaxtlarını dəyərləndirərək dincəlir, bəzisi isə həkim məsləhəti ilə bir növ müalicə üçün yollanır. Bildiyimiz kimi artıq çimərlik mövsümünə start verilib və bu gün ölkəmizə rəsmi olaraq Yay fəsli daxil olub. Yəni, artıq ehtiyyac duyduğumuz D vitaminini də rahatlıqla ala biləcəyik.

Hər kəs yay ərzində çimərliyə gəlib dənizin dadını rahatlıqla çıxara bilər. Bu da təbii ki, qaydalara riayət etmək şərti ilə olmalıdır.

FHN-nin nəzarətində olan bütün çirməliklərdə təhlükəsizlik tədbirləri görülür. Bəs, bu təhlükəsizlik tədbirləri nələrdir?

SİA olaraq Şıxov ərazisində yerləşən çimərliklərə üz tutaraq hazırki durumla tanış olduq. Bu çimərlik digər çimərliklərə nisbətən şəhərə yaxın olduğundan insanlar bura gəlməyə daha çox üstünlük verirlər.

Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına görə, dəniz xalqın neməti olduğu üçün buradan istifadə edərkən pul ödənməməlidir. Lakin çimərliklər pullu və pulsuz olmaqla iki yerə bölünürlər.

Obyekt sahibi Yadigar Asanov: “İstilər şiddətləndiyi üçün dənizə gələnlərin sayında artım müşahidə olunur. Dənizin təmziliyinə xüsusi olaraq əməkdaşlarımız nəzarət edir. Bu proses gündə bir neçə dəfə olur. Dənizə giriş pulsuzdur. Amma kimin ürəyindən nə qədər məbləğ keçirsə verə bilər. Müəyyən bir qiymət yoxdur. İnsanların maliyyə durumunu nəzərə alırıq. Su və digər içkilər satılır. Kim istəsə özü üçün kabab çəkdirə bilər”.

Təmizlik işləri ilə məşğul olan Həsrət Mizahlı: “İnsanlar dənizi çirkləndirsə də biz təmizləyirik. Təmizlik gözəllikdir. Təmiz olmayan yerə heç kim gəlməz. Obyektimizdə içki söhbəti ola bilməz. Natəmizlik edən əsasən içili gələnlərdir. Onlarla bağlı da müvafiq tədbirlər görülür”.

Təmizliyə nəzarət edən Qurban Kişiyev: “Elə bir şikayət yoxdur. Hər şey qanun çərçivəsindədir və hər cür şərait var. İnsanlar üçün nə lazımdırsa hazırıq".

Güləbatın Rüstəmova: “Qazaxdan gəlmişəm. Bacım, nəvələrim və qızımla dincəlirik. Burada günümüz çox maraqlı keçir. Biz dənizə ildə-ayda bir dəfə gələnlərdənik”.

İsmayıl Əliyev: “Dənizə tez-tez gəlirəm. Şərait yaxşı olmaqla yanaşı, təmizlikdir. Dənizin suyu çox təmizdir və temperaturu da normaldır. Demək olar ki, zir-zibil yoxdur. Saat 7-ə qalmışdan gəlmişəm və hər şey qaydasındadır. Yaxşı ki, pandemiya bitib və qadağalar aradan götürülüb. D vitamini çatışmazlığı böyük bəladır və o burada aradan qaldırılır”.

Sərxan Əsgərov: “Bu yay birinci dəfədir dənizə gəlirəm. Şıxov dənizindəki təmizlik məni qane etmir.

İsmayıl Lalayev: “Mən Azərbaycan Respublikasının Dövlət Sərhəd Sularında Xilasetmə Xidmətinin əməkdaşıyam. Dəniz sezonu açıq olunan gündən etibarən boğulma hadisəsi müşahidə olunmayıb. Biz də nəzarət edirik. Həddi keçmək olmaz. Keçmək istəyənə də xəbərdarlıq ediirk. Dərinlik 1 metr 80 sm-dır. Şarlardan oyana keçməyə qoymuruq. Ən vacib olan odur ki, valideynlər uşaqlarını nəzarətsiz buraxmasınlar. Can adama bir dəfə verilir. Çalışsınlar ki, ərazini zibilləməsinlər”.

Tatyana Nirşovu: “Çox gözəl plyajdır. Tez-tez gəlirik. Ailəlikdə dincəlirik. Təmizlik bizi qane edir”.

Elnur Nəsirov: “Sezon açılandan ilk dəfədir gəlirəm. Su da, qum da təmizdir. Hər dəfə fərqli məkanların çimərliklərinə gedirəm”.

Muhamməd Nəsirov: “Dənizi çox sevirəm. Üzmək çox yaxşıdır. Bir çox çimərliklərdə olmuşam və atamla maraqlı vaxt keçirirəm”.

Qulu Əliyev: “Hacıqabul rayonundan nəvələrimlə gəlmişəm. Rahat istirahət edirəm. Məkan və su çox təmizdir. Qiymətlər də çox münasibdir”.

Gülnarə Mustafayeva: “Sezon açılandan 3-cü dəfədir dənizə gəlirəm. Bir dəfə də sezondan əvvəl gəlmişdim. Təmizlik məni qane edir. Həmişə bura gəlirik. Əsas odu suda ayağımız görünür. Qiymətlər də digər yerlərlə nisbətdə normaldır. İndi pulsuz çimərlik yoxdur. Çox gözəl şərait yaradılıb. Xahiş edirəm ki, təmizliyə riayət etsinlər”.

İlkin Məmmədov: “Gün ərzində 10-15 qarğıdalı satışı olur. Sezon açılandan da 100-ə yaxın qarğıdalı satmışıq. Qarğıdalı 1.50 azn, kokteyl isə 1.50-2.50 azn arazındadır.

Banuçiçək Hüseynli

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə