Yay mövsümündə xəmir məhsullarından istifadə ziyandır? - MÜTƏXƏSSİS AÇIQLADI

Yay mövsümündə xəmir məhsullarından istifadə ziyandır? - MÜTƏXƏSSİS AÇIQLADI

"Xəmir yeməkləri birbaşa olaraq orqanizmə zərərli hesab edilmir. Sadəcə xəmir yeməkləri maddələr mübadiləsinin sürətini zəiflətdiyi üçün, biraz gec həll olunduğu üçün yay aylarında bu məhsullardan az istifadə etmək orqanizmin sağlamlığı üçün çox faydalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, əgər xəmir məhsullarından istifadə etmək istəyərlərsə çox az bir miqdarda səhər və ya axşam yeməklərində istehlak edə bilərlər: “Amma yaxşı olar ki, axşam yeməklərində xəmir məhsullarından ümumiyyətlə istifadə edilməsin. Xəmir yeməkləri olan xəngəl, düşbərə, həmçinin börəklər, şirniyyatlardan istifadə etmək olar, lakin az miqdarda istifadə etmək bizim üçün daha yaxşı olar. Bu məhsullarla bərabər proteinlərdən və tərəvəzlərdən də istifadə etmək olar. Bu həm həzmi asanlaşdıracaq, həm də orqanizmə zərərli olmayacaq. Ancaq davamlı olaraq xəmir yeməklərindən istifadə etsələr o zaman mədə yüklənir, eyni zamanda orqanizmdə mineral və vitamin balansının səviyyəsi aşağı düşür. Bu da vitamin çatışmamazlığına gətirib çıxarır. Bu həm də insanın əhval-ruhiyyəsinə də təsir edir. İnsan özünü yorğun, yuxusuz və gərgin hiss edir.

Maddələr mübadiləsi xüsusilə zəifləyir. Belə olduğu təqdirdə həm piylənmə baş verir, eyni zamanda insanda tez-tez depressiyaya düşmə halları baş verir. Bu da həddindən artıq qəbul etdiyimiz zərərli karbohidratların istehlak olunması ilə əlaqələndirilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə