Piknik edərkən diqqət olunmalı məqamlar - SORĞU

Piknik edərkən diqqət olunmalı məqamlar - SORĞU

Keçmiş dövrlərdən yay aylarının vazkeçilməz istirahət növü olan piknik hər kəsin ən sevdiyi işdir. Bir çox insan istirahət günlərində öz yaxınları və ailə üzvləri ilə müxtəlif içki və qida götürərək parklara üz tutur. İnsanlar piknik üçün yaşıllığı çox olan və eyni zamanda da oturmaq üçün şəraiti geniş olan parklara daha çox üz tuturlar. Bəzilərinin fikirlərinə görə piknik vaxt itkisi, bəzilərinin düşüncəsinə görə isə ən gözəl istirahət növüdür. Bəs piknik edərkən insanlar daha çox nələr diqqət etməlidi? Ümumilikdə piknik üçün lazım olan əşyalar və qidalar hansılardır? Bütün bunlar cavab tapmaq və şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə SİA sorğu keçirib.

Şəhər sakini Heydər Nəcəfov: “Mən dostlarımla birlikdə tez-tez piknik edirəm. Ümumiyyətlə, bu mənim üçün çox yaxşı istirahət növüdür. Piknik edərkən daha çox su, atışdırmalıq bir şeylər götürürəm. Hətta bəzən elə olur ki, özümlə kitab da götürürəm, kitab oxuyuram. Hazırda ölkəmizdə piknik etmək üçün bir çox parklar var. Misal olaraq Dədə Qorqud parkı, Şorgöl parkı və s.

Şəhər sakini Rəsmiyyə Əliyeva: “Uşaqlıq illərimdən ailəmizlə birlikdə hər zaman piknik etmişik. Biz Qarabağ bölgəsindənik. Uşaq olarkən atam həmişə su, pendir çörək götürüb dağlara aparıb gəzdirərdi. Mən o günlərimi heç unutmuram. Bu gün isə artıq görürəm ki, gənclərimiz də daha çox piknik etməyi sevirlər və artıq yaz-yay ayları başlayanda gənclər toplaşır. Lakin çox üzücü bir hal var ki, gənclərimiz öz yediklərini zibilqabına yox, otluğa atıb gedirlər. Bu heç bir halda düzgün bir addım deyil”.

Şəhər sakini Ruslan Verdiyev: “Fikrimcə insanlar piknikə gedərkən ilkin olaraq süfrə götürməlidirlər. Həmçinin bununla yanaşı vaxtlarının daha maraqlı və əyləncəli keçməsi üçün müxtəlif oyunlar təşkil edə bilərlər. Mənə görə piknik ən ucuz əyləncə metodudur. Çünki istədiyin vaxt həmin məkanı tərk edə bilərsən. Gənclər arasında ən gözəl aktivite piknikdir. Hər kəsə bu isti yay günlərində piknik etməyi tövsiyyə edirəm”.

Şəhər sakini Sultan Əlizadə: “İndiki dövrdə yay aylarında bütün gənclər piknik etməyi sevir. Çünki piknik praktik əyləncə metodudur. Mənim fikrimcə, piknik edərkən insanlar özləri ilə birlikdə zibilqabı götürməlidirlər. Çünki indi də gördüyünüz kimi kim nə yeyirsə onun qabığını və ya içdiyi suyun butulkasını eyni zamanda plastik torbaları hara gəldi tullayır. Bu da təbii ki, ilk növbədə ekologiyamıza ziyan vurur. Ona görə də mütləq şəkildə piknik edərkən ekologiyanın təmizliyinə maksimum şəkildə riayət etməliyik”.

Şəhər sakini Nəsrullah Həmidli: “Biz çox zaman dostlarımızla birlikdə dərs çalışarkən parklarda otluğda oturub oxuyuruq. Çünki məncə insan təbiətdə olarkən mənəvi və psixoloji olaraq rahatlıq tapır. Həmçinin insan belə otluqda oturarkən bütün fikrini oxuduğu kitaba və yaxud da çalışdığı dərsə yönəldə bilir. Buna görə biz də hər zaman suyumuzu, yeməyimizi götürüb piknik edirik”.

Şəhər sakini Rəşad Qasımlı: “Yayda piknik edən insanlara tez-tez rast gəlirik. Boş vaxtımızı keçirmək üçün əlbəttə, yaxşı üsuldur. Amma piknik edərkən də müəyyən qaydalara riayət etmək lazımdır. Bəzi insanlar aldıqları məhsulların kağızlarını yerə atırlar, həm təbiətimizi, həm də ətrafımızı çirkləndirirlər. Düşünürəm ki, bu hallara qarşı cərimələr tətbiq olunmalıdı”.

Şəhər sakini İlyas Quluyev: “Məncə piknik insanın sosiallaşması üçün çox önəmlidir. İsti yay günlərinin ən vazkeçilməz faktoru piknikdir. Bəzilərinin fiklərinə görə piknik müasir dövrdə meydana gəldiyini bildirsə də, lakin piknik keçmiş zamanlardan mövcud olub. Çünki mənim nənələrim və babalarımın dediklərinə görə, onlarda keçmiş zamanlarda azuqələrini götürübü gəzmək üçün meşələrdə piknik təşkil edərlərmiş. Lakin indiki dövrdə isə piknik edən gənclərin çoxu öz yediklərini yığışdırmırlar. Bu da əlavə olaraq təbiətə ziyan vurur. Lakin düşünürəm ki, təmizlik qaydalarına əməl olunsa, piknik etmək üüçn heç bir qadağa qalmaz”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə