Son vaxtlar şəhərimizin bazarlarında tez-tez eşitdiyimiz bir çağırış var: kənd toyuğu, 3-ü 10 manata. Adam ucuzluğa heyran qalır, vallah. Belə ucuzluq dünyanın harasında ola bilər ki? Bazarda, necə deyərlər, quş südü də var, tap, al. Bununla da hələ bəzən gileylənirik də. Deyinirik ki, bahalıqdır, qıtlıqdır, ay aman, ərzaq böhranı gözlənilir, biz necə olacağıq. Reallıq isə göz qarşısındadır. Toyuq, 3-ü 10 manata. Bundan artıq ucuzluq ta nə olmalıdır? Hər dəfə bu səsin gəldiyi istiqamətə baxanda və üst-üstə yığılmış toyuqları gördükdə xəyalən kəndlərimizə gedir insan. Oradakı evlərin həyətlərində “ədası” yerə-göyə sığmayan toyuqlar gəlir göz önünə. Bağ-bağçanın yamyaşıl otu, sahibinin istehsal etdiyi buğda ilə qidalanan, kəndin saf suyundan içən, təmiz havasını ciyərlərinə çəkən, günəşlə günəşlənib, ağacların altında kölgələnən bu toyuqlar əlbəttə ki, yerə-göyə sığmayacaqlar da. Həyət-bacada “əda” ilə gəzməyib nə edəcəklər ki?..
Hələ gəl ki, rayona gedəsən, toyuq yemək fikrinə düşəsən və bir toyuq almaq istəyəsən. Gəl o toyuqların qiymətinə bax. Belə toyuqların birini heç 8-10 manata ala bilməzsən. Toyuq sahibi onları 12-15 manata təklif edir. “Bahadır”,- deyəndə də başlayır toyuq dənindən onun otuna, suyuna, dərmanına, harada saxlanmasına, nə bilim ey, səhər saat neçədə yemləyib, axşam neçədə hinə qatmasından ki, ta sən qayıdıb bir söz tapıb deyə bilməyəsən, toyuğu alasan. Yox, əgər qiyməti 1-2 manat endirmək fikrinə düşdünsə, qəti o fikirdə olma, vaz keç. Çünki toyuq sahibinin buna cavabı belə olacaq: yox, o qiymətə satınca gəzir də həyətdə, kəsərəm uşaq yeyər.
Belə... Bazardakı kənd toyuqlarının bu qiymətə satılması elə o xatırlamadan sonra adama ucuzdan da ucuz gəlir. Düşünürsən ki, insanlar arasındakı fərqə bax. Bir toyuğu 15 manata deyib durana bax, 3 toyuğu 10 manata almaq üçün sənə yalvarana bax. Qəribədir, kaş ki, insanların hamısı bu qədər alicənab, ürəyiaçıq, əliaçıq, vicdanlı olardı. Kəndlinin evinə, həyətinə, düz qapısına gedirsən, hələ sənə minnət də edir, bir toyuq üçün bir dastan söz danışır. Amma şəhərin ortasındaca axşamadək günün altında özü də, toyuqları da bişən bu insanlar 3 toyuğu sənə 10 manata verir, üstündə də bir dünya xoş söz, gülər üz, gülüş, səmimiyyət...
Necə yan keçəsən, bu toyuqlardan almayasan? Alırsan da, bəzən ehtiyacdan, bəzən də maraqdan alırsan. Hələ bir gedib qonşulara-qohumlara da haray salırsan ki, a kişilər, durmayın, qaçın bazara 3-ü 10 manata toyuqdan qalmadı. Özün də aldığın həmin toyuqları sevincərək ikisini soyuducuya yerləşdirib, birini qoyursan qazana. Düzdür, bişməsi üçün bir az qaz israfın olacaq, özün də xeyli gözləyəcəksən, lakin sonda süfrəndə toyuqdur da, nə dəxli ki... Kənd söhbəti süfrə arxasında da düşücək, bilirəm. Yenə həmin toyuqların bahalığından, toyuq sahibinin toyuğuna verdiyi qiymətdən xeyli danışılacaq. Elə bu əsnada da sən 3-ü 10 manata olan toyuqlarından birini yeyib bitirmiş, ağzını silmiş olacaqsan. Allaha şükür edib, ayağa qalxıb iş-gücünün arxasınca gedəcəksən. Budur, toyuğu satan da qazandı, alan da. Sən iştaha ilə yeyib qalxdın ayağa, o da pulunu qoyub cibinə yollandı evinə.
Bəs gəl görək kəndli nə etdi? Nə edəcək, toyuğu nə sənə satdı, nə də kəsib özü yedi. Toyuq elə oralardaca gəzir... Kənddən söhbət düşmüşkən, 3-ü 10 manata satılan bu toyuqlar görəsən hansı kənddəndir? Səhərdən bəri toyuq sahibinin, nə bilim satanın tərifini haradan hara qaldırmışıq. O da toyuqlarını buğda, yaşıl otla, tərtəmiz su ilə qidalandırır, yoxsa...
Hə, bax, bunu bir də yolumuz bazara düşəndə gərək o satıcılardan soruşaq. Görək o toyuqlar hansı kənddəndir, həyatda var olduqları dövrdə ağızlarına ot dəyibmi? Əksər insanların təmiz su tapıb içə bilmədikləri bir vaxtda o toyuqlar hansı sulardan içiblər? Başları bədənlərindən üzülənədək harada yaşayıb, gecələyib, gündüzləyiblər? Bunları bir soruşsaq, yaxşı olar. Səhv başa düşülməsin, xahiş edirəm, maraq xətrinə. Bunların heç birinin cavabını hələlikdə bilməsəm də, bildiyim odur ki, sahibləri onları kənddəki toyuq sahiblərindən də çox istəyir. Bunu hamı görüb. Nə zaman görüb, bişəndə...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB