Şuşa Bəyannaməsi - Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixi əslində 30 il əvvəl deyil, Azərbaycanın müstəqilliyini elan etdiyi 1918-ci ildən başlayır. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycanı ilk tanıyan ölkə Osmanlı İmperiyası oldu. Qafqaz İslam Ordusu adlanan Osmanlı ordusu Bakını erməni və bolşevik quldur dəstələrindən azad etdi.
Sovet İttifaqının dağılması və Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etməsi ilə iki qardaş ölkə 70 ildən sonra yenidən birləşdi. Türkiyə bu dəfə də Azərbaycanın müstəqiliyyini tanıyan ilk ölkə oldu. Ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycan üçün işlətdiyi “ bir millət, iki dövlət” sözləri münasibətlərdə təməl prinsip oldu. Prezident İlham Əliyev də Heydər Əliyevin siyasi xəttini davam etdirərək Türkiyə ilə münasibətlərin hər sahədə inkişaf etdirilməsi siyasətinin prioritetini qoruyub saxladı. 30 ilə yaxın davam edən işğal dövründə də Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyən və bütün sahələrdə işğala son qoymağa çağıran Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil“ sözləri üçüncü qüvvələrin Azərbaycan əməliyyatına qarışmasının qarşısını aldı.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr 2021- ci ildə daha da inkişaf etdirildi. Prezident Ərdoğan iyunun 15-də Qarabağın simvollik şəhəri Şuşaya səfər etdi. Bu səfər Azərbaycanın müstəqilliyinə, sərhəddi və ərazi bütövlüyünə güclü və qətiyyətli dəstəyi əks etdirir. Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında imzalanan “ Şuşa Bəyannaməsi “ iki qardaş dövlət arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Bəyannamə iki qardaş dövlətlər arasında hərbi, müdafiə sənayesi və texnologiyaları, enerji, nəqliyyat, iqtisadi və humanitar əlaqələrin gələcəyi üçün yol xəritəsi təqdim edir. Bəyannaməni vacib edən digər cəhət də onun Şuşa şəhərində imzalanmasıdır ki, bu da təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə -Azərbaycan münasibətləri və türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
İkitərəfli əlaqələr baxımından ən diqqət çəkən məsələlərdən biri müdafiə sənayesi texnologiyaları sahəsində əməkdaşlığın artırılmasıdır. Prezident Ərdoğan bununla bağlı “Azərbaycanla texnologiya paylaşacaq və Azərbaycanda ortaq məhsul istehsal edəcək fabrik qurulacaq“ dedi. Yəni bu layihənin reallaşması ilə Azərbaycan hərbi texologiya idxal edən dövlətdən istehsal mərkəzinə çevriləcək.
İki ölkənin regionda əməkdaşlıq baxımından gündəmdə saxladığı mühüm məsələlərdən biri də nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkə arasında yeni dəhliz imkanı yarandı. Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamaqla bu siyasətlərin uzunmüddətli olduğunu ortaya çıxartdı. Həm liderlərin bəyannatlarında, həm də bəyannamənin məzmununda müttəfiq dövlətlər üçün regional əməkdaşlığın əhəmiyyətini görmək mümkündür. Prezident Ərdoğan Türkiyə ilə Azərbaycanın ortaq təklifi olan regional altıtərəfli əməkdaşlıq platformasını gündəmə gətirib, hətta Ermənistanın müsbət addım atacağı təqdirdə diplomatik əlaqələrin qurulması ilə bağlı müsbət mesajlar verilib.
Prezident Ərdoğanın “münasibətlərimizin gələcəyi üçün yol xəritəsi” olaraq xarakterizə etdiyi bu bəyannamə, iki dövlətin İkinci Qarabağ müharibəsindən sonra öz imtiyazlarını birləşdirərək fəaliyyətlərini davam etdirmək səylərinin davamıdır. Müttəfiq dövlətlər regional əməkdaşlığa açıq olduqlarına, eyni zamanda təhdidləri cavabsız qoymayacaqlarını açıqlayıblar.
Bütün bunlar Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunun sübutudur. Əslində, yuxarıdakı məlumatlardan da anlaşılacağı kimi, Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında mühüm körpü olacaq. Şuşa həm də tarixi missiyasına və geosiyasi mövqeyinə görə bu marşrutun mühüm sütununa çevriləcək. Ankara-Bakı xəttində əlaqələri sürətləndirəcək Şuşa Bəyannaməsinin regional və qlobal təhlükəsizliyə xidmət edəcəyini də söyləmək olar. Bu vəziyyət təkcə iki ölkəyə aid deyil; bütün regional dövlətlərə töhfə verəcək. Bu səbəbdən imzalanma mərasimində Ermənistanın vurğulanması da çox önəmlidir. Ermənistanın Türkiyə ilə Azərbaycanın uzatdığı dostluq əlini tutması həm Ermənistana, həm də Qafqaza müsbət təsir göstərəcək.
Zəkiyyə Çələbiyeva
Xəzər rayonu Ə.Quliyev adına 121 №-li tam orta məktəbin ibtidai sinif müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB