Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Mədəniyyət paytaxtımız olan Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır.

Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Bu Bəyannamə tarixə əsaslanan və möhkəm təməllərə malikdir. Bəyannamədə hər iki qardaş xalqlarımızın böyük Liderləri, Öndərləri – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

“Azərbaycanın kədəri–kədərimiz, sevinci–sevincimizdir” sözlərini XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən isə XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev olmuşdur. 28 il düşmən işğalı altında qalaraq XXI əsrin əvvəllərində işğaldan azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür.

“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” deyə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Eyni zamanda tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu böyük tarixi nəaliyyətdir. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə davam edəcək. Şuşa Bəyannaməsində mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat layihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, azərbaycan tək deyil. Bu Azərbaycanı həm ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Kədəriniz–kədərimiz, sevinciniz–sevincimizdir.
Biz bir millət, iki dövlətik!

Kamal Təhməzov,
Masallı rayon Xırmandalı kənd tam orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə