Məktəblilər yay tətilini səmərəli necə keçirməlidir? - SORĞU

Məktəblilər yay tətilini səmərəli necə keçirməlidir? - SORĞU

14 iyun tarixindən etibarən dövlət ərazisindəki bütün məktəblərdə uşaqlar yay tətilinə buraxılıb. Yay tətilində uşaqların asudə vaxtlarını səmərəli keçirməsi olduqca vacibdir. Beyin yoran dərslərdən sonra uşaqların dincəlməsi üçün müəyyən əyləncə proqramları mövcuddur. Bəs görəsən şəhər sakinlərinin fikirlərinə görə uşaqlar yay tətilini necə keçirməlidir. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini İndira İsmayılova: “Uşaqlar bu gün məktəbdən yay tətilinə buraxıldılar. 3 ay ərzində boşdurlar. Amma düşünürəm ki, bu vaxtlarını da yenə səmərəli keçirməlidirlər. Telefon, tablet, televizorlardan uaqları uzaq tutmaq lazımdır. Bəli, istifadə edə bilərlər. Lakin müəyyən bir zaman çərçivəsində. Əlbəttə ki, bütün gün bunlarla oynamaq onların xeyrinə deyil, əksinə, ziyanınadır. Yaxşı olardı ki, yay düşərgələrinə getsinlər. Düşərgələr uşaqların şəxsi inkişafı üçün olduqca xeyirlidir".

Şəhər sakini Afaq Sadıxova: "Uşaqlara yay tətilində telefon vermək düzgün deyil, nə də onları bütün günü evdə saxlamaq olmaz. Bir az icazə verməlidirlər ki, öz istədiklərini etsinlər. Gündəlik kitab oxumaq, parkda gəzmək, teatrlara getmək onların inkişafına yaxşı təsir edər".

Şəhər sakini Əziz Əzizov: "Uşaqlar bütün ili dərs oxuyublar. Əlbəttə ki, beyin yüklənir və uşaqlar yorulur. İstirahət etmək lazımdır. Amma gərək uşaqları yay tətilində çox yükləməyək. Əlavə məşğələlərə qoymaq olar. Amma onları yormaq lazım deyil. Bu müddət ərzində onları sərbəst buraxmalıyıq. Özlərini kəşf etmələrinə, nəyə maraqlarının olduğunu öyrənmək üçün onları bir qədər rahat buraxmalıyıq".

Şəhər sakini Leyla İbrahimova: "Yaxşı olar ki, valideynlər bu vaxt ərzində uşaqları ilə vaxt keçirsinlər, onlarla maraqlansınlar. Əllərinə telefon verib hər şeydən təcrid etməsinlər. Əyləncə mərkəzlərinə apara bilərlər, müxtəlif proqramlarda iştirak edə bilərlər. Çoxlu kitab oxumaq onların mütaliə qabiliyyətini artırmağa kömək edəcək".

Şəhər sakini Kəmalə Əzimova: "Uşaqlar üçün gözəl şərait yaradılıb. dostları ilə bərabər piknik edə bilərlər. Filmə, teratra, konsertlərə gedə bilərlər. Onların dünya görüşünün artmasında rol oynayır bu kimi şeylər. Və ya kitab oxuya bilərlər. Siniflə bərabər rayonlara səfər etmək onlar üçün bir əyləncə növüdür. Yay tətilini yanlız deyil də dostları ilə keçirməsi daha yaxşı olar".

Şəhər sakini Fərid Mirzə: "Yayda ən gözəl əyləncələrdən biri uşaqları dənizə aparmaqdır. Bütün ilin yorğunluğunu öz üstlərindən atırlar. Həmçinin, kəndə getmək, oradakı həyatla tanış olmaq onlar üçün maraqlı olar. Düşərgələrə getmək onların kollektivdə özlərini idarə etməsinə kömək edəcək. Yaxşı olar ki, uşaqları bir az sərbəst buraxaq, telefondan uzaq durmaları onlar üçün daha yaxşı olar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə