Birinci Vətən Müharibəsi İkinci Vətən Müharibəsinin nə vaxtsa baş verəcəyini şərtləndirirdi. Çünki Azərbaycan xalqı öz əzəli torpaqlarını itirmişdi. 1990-cı illərdə ölkəmizə rəhbərlik edənlərin satqınlığı, səriştəsizliyi səbəbindən Rusiyanın havadarlıq etdiyi Ermənistan Azərbaycanın baş tacı olan Qarabağ torpaqlarını işğal etmişdi.
Həmin dövrdə müstəqilliyimizi yenicə əldə etdiyimiz ölkəmizdə sosial-iqtisadi vəziyyət heç də yaxşı deyildi. SSRİ-nin tərkibindən çıxan, bununla da sovet imperiyasının rəhbərlərini acıqlandıran xalqımıza qarşı münasibət birmənalı deyildi. Onsuz da 70 ildə baxımsız olan ölkə yeni çətinliklərə üz-üzə dayanmışdı. Müstəqilliyimizi gözü götürməyənlərin 20 Yanvar faciəsini törətməsi, erməni adlı qonşuluqdan kənarları qızışdırıb sərhədlərimizdə münaqişələrin yaranmasına şərait yaratması xalqı ağrılı-acılı günlərlə qarşılaşdırmışdı. Sərhədlərimizdən gələn işğal xəbərləri, qapılarımıza göndərilən şəhid balalarımız, düşmənin qarşısına əliyalın çıxıb sağlamlığını itirən övladlarımız göz dağımıza çevrilmişdi.
Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana gəlməsi müstəqilliyimizi 1918-ci ildə olduğu kimi itirilmək təhlükəsindən xilas etdi. Əgər ulu öndər həmin dövrdə Azərbaycanda hakimiyyətə gəlməsəydi, işğal olunan torpaqlarımızın coğrafiyası daha da genişlənəcək, müstəqilliyimiz əlimizdən alınacaq, üstəlik ölkədə vətəndaş müharibəsi baş verəcəkdi. Bu mütərəqqi Qayıdış Azərbaycan xalqının xilasına çevrildi və tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə yazıldı.
Ulu öndər fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrdə, eləcə də Milli Ordunun yaradılması istiqamətində böyük işlər həyata keçirdi. Torpaqlarımızın bir gün geri alınması üçün lazımi tədbirlər gördü ki, sonrakı dövrdə bu işlərin uğurla davam etdirilməsi ilə biz tarixi qələbəmizi qazana bildik. Böyük Heydər Əliyev deyirdi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”.
Heydər Əliyev siyasətini ölkəmizdə uğurla həyata keçirən dövlətimizin başçısı cənab İlham Əliyev fəaliyyətinin əsas hissəsini ordu quruculuğunun inkişafına, eyni zamanda torpaqlarımızın dinc yolla alınması üçün beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsinə sərf etmişdir. Prezident xalqa bütün müraciətlərində, xarici ölkələrdə görüşlərində, jurnalistlərə müsahibələrində Qarabağ torpaqlarının dinc yolla alınmayacağı təqdirdə bir gün müharibə yolu ilə qaytarılacağını bəyan edirdi. Bu, həm də bir ata vəsiyyəti idi.
Dövlətimziin başçısının 17 il Qarabağla bağlı etdiyi çağırışa beynəlxalq təşkilatlar susdu. Bundan istifadə edən ermənilər isə yeni torpaqların işğalı xülyasına düşdülər. Belə olan təqdirdə isə ölkəmizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 2020-ci il sentyabr ayının 27-də erməni vəhşiliyinə son qoymaq əmri ilə İkinci Vətən Müharibəsi başlandı. Bu müharibə Azərbaycanı yenidən dünyaya tanıtdı. Dünya vətənpərvərliyə, həmrəyliyə, birliyə şahid oldu. Ötən 20 ilə qədər dövrdə gənclərin vətənpərvər ruhda böyüdülməsinə, onların torpaq üçün canlarından keçməyə hər an hazır olduqlarına, hər bir vətəndaşın Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiklərinə şahid oldu. Şahid oldu ki, ermənilər həqiqətən çox vəhşi, tamahkar, acgöz millətdirlər. 27 sentyabrdan 10 noyabradək 44 gün ərzində yüzlərlə şəhid, qazimizə, evi-eşiyi dağıdılan dinc sakinlərə, öldürülən günahsız körpələrə şahid oldu dünya. Bir-birinin ardınca işğaldan azad edilən torpaqlarımızdan çəkilən videolent vasitəsilə ermənilərin vandllığına, torpaqlarımızda daşı daş üstündə qoymadıqlarına, məscidlərimizə etdikləri hörmtsizliyə, tarixi abidələrimizi məhv etdiklərinə şahid oldu. Bütün bunlar öz-özlüyündə təsdiq etdi ki, bu torpaqlar Azərbaycana məxsusdur, erməni öz torpağında bu qədər vəhşiliyi heç bir zaman törətməzdi.
Azərbaycan düşməni diz çökdürdü. Birinci Vətən Müharibəsində havadarlarının dəstəyi ilə özlərini güclü dövlət kimi qələmə vermələrinin bu müharibə zamanı tamamilə xülya olduğu öz təsdiqini tapdı. Düşmən erməninin torpaqlarımızdan xəstəlik kimi kökü kəsildi. Onlar biabırçı vəziyyətinə düşdülər. Çirkinliyin bütün növlərindən istifadə etsələr də, döyüşmək üçün gəncləri zorla maşınlara yığıb cəbhəyə gətirsələr də, döyüşə yaşlı insanları və qadınları cəlb etsələr də, Milli Ordumuzun gücü, torpaq aşiqi oğullarımız qarşısında tab gətirə bilmədilər. Çünki bizim qəhrəmanlığımıza Vətən sevgisi qarışmışdı. Çünki Azərbaycan xalqı mentaliteti, qədim köklərə malik ənənələri olan xalqdır. Torpaq bu xalq üçün namus, şərəfdir. Biz 2020-ci ilin 44 günündə namusumuzu, şərəfimizi xilas etdik. Qarabağı 30 illik işğaldan azad edid həsrətində olduğu ana qucağına-Azərbaycana verdik. 44 gün bir qərinəyədək hicranın vüsal günü oldu.
Müharibənin Zəfərlə başa çatmasında hər kəsin əməyi var. Bu ölkənin həkimi, müəllimi, jurnalisti, tələbəsi, yeniyetmə-gənci-hər kəs Azərbaycanın qələbəsi üçün çalışdı, haqq səsimizi dünyaya çatdırdı. Kütləvi informasiya vasitələrinin müharibə dövründə də, postmüharibə dövründə də fəaliyyəti Zəfərimiz qədər möhtəşəm oldu. Cəbhəyə yollanan jurnalistlərimizin süjetləri, yazıları, videokadrları dünyaya yayıldıqca bununla bir vaxtlar Qarabağın azadlığına susanların gözlərinə dağ çəkildi. Mətbuatımız İkinci Vətən Müharibəsinin tarixini salnamələşdirdi. Elə bir salnamə ki, bu gün istənilən hadisənin tarixi ardıcıllığını asanlıqla əldə edib, məlumatlanmaq mümkündür. Bu salnamələr həmçinin də yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Çünki mətbuat ən təsirli təbliğat-təşviqat vasitəsidir. Gün ərzində televiziya, radiqo, sosial şəbəkələr vasitəsilə informasiya alan yeniyetmə-gənclər şəhid, əsgər və qazilərimizin Qarabağda göstərdikləri şücaətərlə tanış olur, qürur duyur və öz həyatlarını da bu milli-mənəvi dəyərlər üzərində qururlar.
İkinci Vətən Müharibəsi Azərbaycanın qürur tarixi, şanlı zəfəri, düşmən üzərində qələbəsidir. Yüz illər bundan sonra da XXI əsrin Azərbaycanının qürurla anacağımız tarixidir. Həm Birinci, həm də İkinci Vətən müharibələrində həyatlarını itirən dinc sakinlərin, şəhid və qazilərimizin qisasıdır. Azərbaycanın qədim dövləti Səfəvilərdən sonra torpağın azad olunması üçün edilən ilk mücadilə, ərazi bütövlüyümüz, tamlığımızdır.
Bu gün Qarabağın üzü gülür, o, qara libasını çıxarıb, al-əlvan donunu əyninə alıb. Qarabağ yenidən qurulur. Qurulur ki, ata-baba torpaqlarından zorla didərgin salınan, 30 il köçkün, qaçqın statusu ilə yaşayan minlərlə insan doğma yurd-yuvasına qayıtsın. O gün isə uzaqda deyil.
Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəyə təqdim etmək üçündür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB