Qazilər dövətin onlara göstərdiyi qayğı ilə bağlı SİA-ya danışdılar - SORĞU

Qazilər dövətin onlara göstərdiyi qayğı ilə bağlı SİA-ya danışdılar - SORĞU

44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı qələbəsini dövlətimizin igid oğullarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinə borcluyuq. 30 ilə yaxın bir müddət ərzində işğal altında qalan torpaqlarımızı 44 günə düşməndən geri almaq imkansızı bacarmaq kimi bir şeydir. Biz bununla Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərmiş olduq. 30 illik həsrətə son qoyduq. Müharibədən qalib ayrılmaq dünyaya bir daha onu sübut etdi ki, Azərbaycan xalqının gücü sarsılmazdır. Bu yolda 3 mindən çox şəhidimiz öz canlarını qurban verib, minlərlə əsgərimiz bu yolda qazi olub. Elə Azərbaycan Respublikasının Himnində də qeyd edildiyi kimi: "Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu!"

Dövlətimiz vətən uğrunda canından keçən şəhidlərimizin ailəsi, qazilərimiz, müharibə iştirakçılarımız üçün bir çox tədbirlər həyata keçirib. Onların həyat və şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlar imzalanıb, qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzi yaradılıb. SİA olaraq qazilərimiz arasında sorğu keçirdik:

Vətən müharibəsi iştirakçısı, istefada olan zabit Şəmsəddin Qurbanov: "27 sentyabr 2020-ci il tarixindən noyabrın 9-na qədər Şuşaya qədər döyüş yolu keçmişəm. Murovdağ silsiləsi, Füzuli, Xocavənd, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Dövlətimizin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı danılmazdır. Sözsüz ki, hər bir iş yerlərində müəyyən problemlər baş verir. Bəzən dövlət vəzifəsində işləyən şəxslər öz vəzifələrinə qarşı etinasız yanaşdıqda incikliklər, narazılıqlar yaranır. Dövlətimiz bu istiqamətdə də müəyyən tədbirlər görməyə davam edir. Qazilərimiz və şəhid ailələri daim diqqətdə saxlanılır. Bu məsələlərdə şəffaflığı qorumaq, onların haqları üçün bir sıra tədbirlər həyata keçirilir".

Ehtiyatda olan gizir Nazim Məmmədov: “Vətən sağ olsun! Müharibə zamanı Füzuli istiqamətindən Şuşa şəhərinə kimi döyüş bölgələrində vuruşmuşam. Şuşa şəhərinin azad olunmasında fəal iştirak etmişəm.

Dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərimizə müharibə veteranlarına diqqət və qayğı göstərir. Hər bir şəhid ailəsinə və qazilərə yetərincə dövlət tərəfindən köməklik olunur.

Qazilərimizin müalicəsi üçün, məişət şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılıb. Şəxsən dünən Dövlət Sosial Müdafiə Nazirliyində qonaq oldum. Çox hörmətlə məni qarşıladılar. Hətta nazir müavini ilə bir masa arxanında əyləşdik”.

Qazi Çingiz Abdullayev: “Müharibə zamanı könüllü olaraq XTQ-nın dron heyətinə qatıldım və vətənimin ən çətin zamanında bunu özümə borc bildim. Hadrutun və Şuşa şəhərlərinin azad olunmasında iştirak etmişəm. Dövlətimiz hər zaman bizim yanımızda olub. Maddi və mənəvi olaraq hər zaman yardım edir. Ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qazi və şəhid ailələrinə hər zaman öz diqqət və qayğısını göstərib. Dövlətimiz qazilərin işlə təmin olunması istiqamətində də bir sıra tədbirlər görür. Elə həmin proqram çərçivəsində də mən işlə təmin olundum. Hazırda da bir çox şəhid ailəsinin üzvləri və qazilərimiz bu məşğulluq proqramı ilə işlə təmin olunub”.

Qazi Tale Əliyev: “Şəhid ailələrinə və qazilərə dövlət hər zaman dəstək göstərir. Hər ay mütəmadi olaraq onlara yardımlar edilir. Şəhid övladlarının təhsili, gələcəyi ilə bağlı bir sıra tədbirlər həyata keçirirlər. Həmçinin qazilərimizin sağlamlığı ilə bağlı çox mühüm işlər görürlər. Azərbaycanda müalicəsi olmayan qazilərimiz xarici ölkələrə göndərilir. Yəni həm ölkə daxilində, həm də ölkə xaricində qazilərimizin müalicəsi üçün xüsusi proqramlar hazırlanır. Xüsusi olaraq da “Yaşat” Fondu bu məsələlərlə yaxından maraqlanır və bu məsələlərdə “Yaşat” Fondunun böyük rolu var.

Müharibə zamanı Füzuli, Xocavənd, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. İstekam bölüyünün tərkib hissəsində gedən döyüşlərdə fəal iştirak etmişəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyimə üçün “Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalla təltif olunmuşam”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə