“ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutdu. Etno-butik yeni bərpa edilən və açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Şərq Bazarında fəaliyyət göstərəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, açılış zamanı ölkə prezidenti və birinci xanım "ABAD"ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək "ABAD" məhsulları ilə yaxından tanış oldular.
Şərq bazarı 1982-ci ildən paytaxtın simvollarından biri sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.
2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu tərəfindən binanın yenidən qurulması işlərinə start verildi.
Beləliklə, "Şərq Bazarı" yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada açılmağı məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB