“Bu gün onların yığdığı pullar kiminsə cibinə gedir” - EKSPERT DANIŞDI

“Bu gün onların yığdığı pullar kiminsə cibinə gedir” - EKSPERT DANIŞDI

“Qanunsuz fəaliyyət göstərən parkinq nəzarətçiləri üçün heç bir tədbir görülmür. Onlar yenə də öz işlərindədirlər və fəaliyyətlərini davam etdirirlər. Düzdür, bəzən bu işlər polislər tərəfindən aparılaraq qanunsuz sahibkarlıq fəaliyyəti, küçə ticarəti ilə məşğul olması baxımından 50-80 manat cərimə yazılır”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, amma bu da müvəqqəti haldır: “Onlar itirdikləri o pulu onsuz da bir günə qazanırlar. Hətta bəzi nöqtələrdə də bu gəliri daha da tez də əldə edə bilirlər. O qədər harınlayıblar ki, əvvəl 50 qəpik, bir manata dua edirdilər. İndi iki manatdan aşağıya yaxın durmaq istəmirlər. Bu vəziyyət belə bir biabırçı həddə gəlib çatıb. Bunun da başlıca səbəbi Bakı Nəqliyyat Agentliyi və Nazirlər Kabinetidir. Çünki Bakı Nəqliyyat Agentliyi təkliflər verir və çox güman ki, o təkliflərdə bugünkü duruma zidd addımlar, yəni bahalı qiymətlər qoyulub.

Nazirlər Kabinetinə parklanma qiymətləri ilə bağlı nə təklif ediblərsə, Nazirlər Kabineti uzun müddətdir ki, onu təsdiqləmir. Digər tərəfdən Nazirlər Kabinetinə yol hərəkəti ilə bağlı gedən sənədlər ənənə halını alıb. Bu sənədlər ənənəvi olaraq gecikir. Amma ehtimal edirəm ki, Bakı Nəqliyyat Agentliyi yenə Avropadan fantastik misallar gətirib, orada baha qiymət müəyyənləşdirib. Düzdür, nə təklif verildiyi açıqlanmır. Bildirilib ki, parklanma ilə bağlı təkliflərimiz Nazirlər Kabinetindədir. Ümid edirəm ki, tariflər müəyyənləşdirilərsə, parkinq sistemi hüquqi əsaslarla nəzarətdə saxlanılarsa, o zaman vəziyyətdən qismən çıxış yolu əldə etmək mümkündür. Bu zaman isə artıq mərhələli şəkildə problem kökündən tamamilə həll ediləcək. Düzdür, o "parkovşik"lərin hər birini aradan çıxartmaq da olmaz. O insanlar bu gün bizə lazımdır. Sadəcə olaraq onları rəsmi işə götürmək lazımdır. Bu şəkildə də onlar həm əməkhaqqı alacaqlar, həm də vergidən yayınma halları baş verməyəcək. Bu gün onların yığdığı pullar kiminsə cibinə gedir. Amma elə bir sistem qurulmalıdır ki, o pullar dövlət büdcəsinə getsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə