İctimai nəqliyyat vasitələrində kondisionerlər niyə işləmir? - SORĞU
Bu il yay bir qədər gec gəlsə də indi havalar həddindən artıq istidir. Afaq Bəşirqızının “Bəxt üzüyü” filmində canlandırdığı Söylü xarakterinin də dediyi kimi “göydən alov yağır”. Bu isti havalarda yol getmək adamın ürəyini sıxır. Hələki avtobusda yol getmək. İstidən hərəkət etmək isə qeyri-mümkündür. Bəzi sərnişindaşıma vasitələrində kondisionerlər qoşulsa da bəzilərində kondisionerdən əsər-əlamət belə yoxdur. Bu da şəhər sakinlərinin narazılığına səbəb olur. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Anar Quliyev: “Havalar isti olduğu üçün yol getmək belə insanı yorur. Sərin yerdən heç kəs çıxmaq istəmir. Bu ilin belə olacağını düşünmürdüm. İyun ayında havaların 40 dərəcə isti olacağını demişdilər. Amma bu qədər isti gözdəmirdim. Avtobuslarda da kondisionerlərin işləməməsi insanı lap hövsələdən çıxarır. Belə istidə gərək bütün nəqliyyat vasitələrində kondisionerlər işləsin”.
Şəhər sakini Gülşən Əliyeva: “Bəzi avtobuslarda kondisionerlər işləmir. Bu da insanda əsəb doğurur. Bunun üstündə demək olar ki, hər gün avtobus şoferləri ilə sərnişinlər arasında dava düşür. Havalar isinən kimi kondisionerləri yandırmaq lazımdır. İnsanlara zülm etmək lazım deyil”.
Şəhər sakini Zakir Babayev: “İşə getmək üçün hər səhər bu istidə evdən çıxıb, avtobusa tələsən insanlar avtobusda sərinləməyə ümid edirlər. Amma bir çox avtobuslarda kondisioner işləmir. Belə şeylərə fikir vermək lazımdır".
Şəhər sakini Nərgiz Ağazadə: "Avtobuslarda metrolarda səhərlər və işdən çıxış saatlarında sıxlıq çox olur. İsti havada isə insanlar tərləyir. O qədər sıxlıq olur ki, insanın alından pul-pul tərlər tökülür. Düzdür, bəzi avtobuslarda kondisionerlər işləyir, bəzilərində isə işləmir. Köhnə avtobuslarda isə heç kondisioner yoxdur".
Şəhər sakini Vüqar Zeynallı: "Havanın isti keçməsi insanlara normal təsir etmir. Hələ nəqliyyat vasitələrindən istifadə zamanı havasızlıq, isti problem yaradır. Bəzi avtobuslarda kondisioner qoşulmur sadəcə pəncərələr acilir ki, küləkləsin. Bu da tam sərinlik yaratmır. Bununla bağlı da sürücü-sərnişin arasında narazılıqlar yaranır. Ona görə nəqliyyat agentliyi dövriyyəyə buraxdığı avtobus şoferlerini təlimatlandırmalıdır ki, kondisionerlər vaxtı vaxtında qosulsun".
Şəhər sakini Gülnaz Ağamalıyeva: “Nəzərə almaq lazımdır ki, bu yay hər ilkindən daha da istidir. Lakin bir çox avtobus şoferləri deyəsən istini hiss etmirlər. Bir nəfər artıq onlara izah etməlidir ki, biz yay fəslinə qədəm qoymuşuq. kondisionerləri yandırmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB