Formula 1 yarışları Azərbaycana nə vəd edir? - MƏTBUAT KATİBİ AÇIQLADI

Formula 1 yarışları Azərbaycana nə vəd edir? - MƏTBUAT KATİBİ AÇIQLADI

“Formula 1 yarışlarının Azərbaycana verdiyi töhfələrdən uzun-uzadı söz açmaq olar”. Bu fikirləri SİA-ya açıqlamasında Formula 1 Azərbaycan Qran Prisi 2022 yarışının mətbuat katibi Turab Teymurov bildirib.

Onun sözlərinə görə, ilk növbədə bu insan kapitalına böyük töhfə verir: “İşçilərin demək olar ki, 90%-i yerli işçilərdir. Yetişdirdiyimiz kadrlar dünyanın hər yerində ölkəmizi ən gözəl şəkildə təmsil edir. İrimiqyaslı tədbirlərdə dövlətimizin başını hər zaman uca edir, könüllü, marşal qruplarında bacarıqlı kadrlar yetişdiririk.

Formula 1 yarışının ilk 4 illik hesabatı hazırlanmışdır ki, bu 4 ildə Azərbaycan dövləti 500 milyon dollar gəlir əldə etmişdir. Bu çox yaxşı göstəricidir. Təsadüfi deyil ki, məhz 2016-cı ildə birinci Formula 1 yarışı keçirilib və elə məhz həmin ildə Azərbaycana turist axını oldu. Bu da o deməkdir ki, bizim hər birimiz bu yarışlardan faydala bilərik. İaşə obyektləri, kiçik sahibkarlar, suvinir mağazaları, mehmanxanalar ölkəmizdə keçirilən Formula 1 yarışlarını ən gözəl şəkildə nümayiş etdirməlidir. Biz Formula 1 yarışına başqa statusla qatılacağıq. 30 ilə yaxın bir zamanda işğal altında qalan torpaqlarımız işğaldan azad olunub. “Biz birlikdə güclüyük” şüarı ilə qalib ölkənin qalib paytaxtında keçirilən yarışı bütün dünyaya göstərəcəyik. Azərbaycan dünyada çox xüsusiyyəti ilə məşhurdur. Lakin düşünürəm ki, ilk olaraq qonaqpərvərliyimizlə məşhuruq. Şəhərimizin qonaqlarına öz qonaqpərvərliyimizi nümayiş etdirəcəyik. Bakı Şəhər Halqasının media komandası olaraq da biz öz vəzifəmizi layiqincə yerinə yetirəcəyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə