Mikayıl Müşfiqin anadan olmasının 114-cü ildönümü Xızıda qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 114-cü ildönümü Xızıda qeyd edilib

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 114 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısındakı abidəsini ziyarət ediblər.

Mikayıl Müşfiq muzeyində keçirilən tədbirdə Əməkdar müəllim, şairə Ofeliya Babayeva çıxış edərək ölməz şairin həyat və yaradıcılığından, ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb. O, bildirib ki, bu kimi tədbirlər Müşfiq yaradıcılığının təbliğində böyük rol oynayır və gənc şairlərə stimul verir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mikayıl Müşfiq yaradıcılığından, Xızı rayonun Sayadlar kəndində yerləşən muzeyin fondunun artırılması istiqamətində görülən işlərdən bəhs edib. R.Əliyev sumqayıtlı rəssamlar Tofiq Əhmədov və Nigar Arifin birgə hazırladıqları “Xızı dağları” adlı rəsm əsərini Mikayıl Müşfiq muzeyinə hədiyyə edib.

Sonra çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Bildirilib ki, rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Əməkdar jurnalist Qafar Əsgərzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, şairlər İbrahim İlyaslı, Nəcməddin Mürvətov, Ağasəfa, şair Nəbi Xəzrinin yadigarı Arzu Babayev və başqaları çıxış edərək ölməz şairin yardıcılığından geniş bəhs ediblər.

Bildirilib ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb.

M.Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.

Bildirilib ki, M.Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın duyulur.

Tədbirdə Müşfiqə həsr olunan rəsm əsəri, rəssam Minayə Feyzullayevanın çəkdiyi M.Müşfiqin ulu babasının portreti, şair Ağasəfanın “Ömrün payız duaları” adlı kitabı muzeyə hədiyyə edilib.

Sonra Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndirib, ədəbi-bədii kompozisiya təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə