Könüllü fəaliyyəti artıq bir hərəkat halını alıb. Belə ki, bir çox dövlət qurumlarında könüllülük proqramları mövcuddur. Bu proqramlar sayəsində gənclər işi öyrənmək şansı əldə edirlər.
Biz də SİA olaraq, müxtəlif qurumlarda könüllü olan gənclərimiz arasında sorğu keçirib, fikirlərini öyrəndik:

Leyla İsmayılova:
“Mən artıq Bakı Dövlət Universitetinin 4-cü kursunu bitirirəm. Tələbə olduğum müddətdə müxtəlif təcrübələr, biliklər əldə etmək üçün könüllülük proqramlarına qoşulmuşam. Hazırki dövrdə könüllülük proqramının bir gənc üçün nə qədər faydalı, informativ, həmçinin nəzəri bilikləri tətbiq etmək üçün bir fürsət olduğunu qeyd etməliyəm. Bu kimi faktorları nəzərə alaraq həyatımda yeni bir dönəm başlatdım; Könüllülük dönəmi. Müxtəlif dövlət orqanları və qeyri-hökumət təşkilatlarında fəaliyyətim olmasına baxmayaraq xüsusilə Dövlət Gömrük Komitəsində fəaliyyətim haqqında məlumat vermək istərdim. Burada könüllü olduğum zaman sanki həyatımda yeni bir səhifə açılmışdı. Sanki yeni iş həyatına addım idi, ilk idi.. Əməkdaşlar çox mehriban və yaddaşlardan silinməyəcək qədər qayğıkeş…
Könüllü olduğum müddətdə universitet təhsilimdə öyrəndiyim nəzəri bilikləri Könüllü gömrükçü olaraq tətbiq etmək imkanını əldə etdim. Vətəndaşların qəbulu prosesində iştirak edib, hesablatların hazırlanması proseslərində Gömrük əməkdaşlarına bir könüllü gömrükçü kimi öz töhfələrimi verdim. Etiraf etməliyəm ki, bunlar hələ fəaliyyətimin bir hissəsi idi.
1 il 6 ay fəaliyyətim boyunca sadəcə biliklər deyil, həmçinin sosiallaşma bacarıqları əldə etdim. Bu cəhətdən çox zənginləşdim. Mənimlə eyni fikirlərə sahib olan, mənimlə birgə gömrük əməkdaşlarından dəyər və qayğı görən onlarla Könüllü Gömrükçü dostlarım oldu mənim. Sadəcə müxtəlif tədbirlərlə deyil, maraqlı anlar saxlamaq üçün birlikdə vaxt keçirməyimiz, bir-birimizə gələcək hədəflərimiz barəsində məlumat mübadiləmiz bəlkə də bir gəncin hər zaman yadda saxlayacağı ən gözəl xatirələrdəndir. Dediyim müddət boyunca bir böyüdük, Covid-19, Müharibə dövlərində birlikdə olduq, ətraf mühitə, cəmiyyətə əlimizdən gələn qədər töhfə verməyə çalışdıq. Bu yolda töhfələrimizin başlanğıcında Dövlət Gömrük Komitəsinin sədri Gömrük xidməti general-polkovniki cənab Səfər Mehdiyev başda olmaq bütün əməkdaşlarının yaratdığı şərait, mühit danılmazdır.
Könüllük fəaliyyəti düşünürəm ki, gələcək hədəflərini qərarlaşdırmaq üçün hər bir gəncin keçməli olduğu yoldur. Bu yolda öyrənilir, bilik, bacarıqlar əldə edilir, hər hansısa sahəyə əslində potensiallısansa, elə bu yolda kəşf edilir. Əhatə dairəniz artır, dəstək vermək və dəstək almaq vərdişləriniz, komanda ruhunuz, dil bilikləriniz inkişaf edilir. Bu, bir böyük gələcəyin ilk addımlarını təmsil edir…”
Züleyxa Ağamaliyeva:
“Mənim üçün könüllü olmağın əsas səbəbi, ilk növbədə, öyrənmək, başqalarına kömək etmək və yerləşdiyim komfort zonadan kənarda tapa biləcəyim bacarıqları aşkara çıxarmaqdır.
Könüllü olmağın bir çox avantajları var yeni insanlar tanımaq, özgüvəni artırmaq və s.
"MEDİA könüllüsü" olmaq ixtisasım haqqında yeni nəzəri və təcrübi biliklər qazanmağıma yol açdı. Düşünürəm ki, mediamızın gələcəkdə də inkişaf etdirmək biz gənc jurnalistlər, "Media Könüllü"lərinin üzərinə düşür. Buna görədə biz çox çalışmalı və öz peşəmizin bütün sirrlərinə bələd olmalıyıq. Hətta Media Könüllüsü olmağımın mənə bir çox köməyi də dəyib. 26 mayda ölkəmizdə keçirilən Texnofest Aerokosmik Texnologiya festivalında Səlcuq Bayraktarla görüşüm, söhbətim könüllük prossesində aldığım təlimlərin böyük rolu var. Daha sonra 28 may Səlcuq Bayraktar mənim cümləmi öz nitqində şüar kimi istifadə etdi”
Orxan Qayıbov:
“Sözsüz ki, könüllülük mənə həm sosial çevrəmi genişləndirməyə, həm də yeni karyera imkanlarımı artırmağa kömək etdi. Yeni insanları tanımaq, yeni yerlərə səfər etmək və yeni dostluqlar əldə etmək əvəzsiz bir təcrübədir. Bir çox təşkilatlarda könüllü kimi fəaliyyət göstərmişəm, və əminliklə deyə bilərəm ki, hər bir təşkilatda yeni bilik və bacarıqlar əldə etdim”.
Sona Zeynallı:
“İlk təcrübəm 2 ay müddətində ASAN xidmətdə olmuşdu. Vətəndaşlarla işləyir, əməkdaşlara vətəndaşların problemlərini həll etməkdə köməklik göstərirdik. Bunun nəticəsində ünsiyyət qabiliyyətimiz, analitik bacarıqlarımız daha da inkişaf etdi. Könüllülük fəaliyyəti həmçinin bizim sosiallaşmağımızda da böyük rol oynayır. Yeni insanlar tanıyırıq, ətrafımız genişlənir. Digər könüllülük fəaliyyətim isə Bakı Baş Gömrük İdarəsində olmuşdu. Gömrükçülərə ləyaqətli vəzifələrini yerinə yetirməklərində kömək etdik, iş rejimi ilə tanış olduq və yeni insanlar tanıdıq. Ümumi olaraq deyə bilərəm ki, könüllülük fəaliyyəti bizim şəxsiyyət kimi formalaşmağımızda, həyatda öz yerimizi tapmağımızda ən böyük faktordu-fərqli fərqli mühit görüb bizim üçün ən uyğununu seçə bilərik”.

Ayşən Şirinova:
“İlk könüllülük fəaliyyətim məhz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində olub.2020-ci ilin fevral ayından etibarən Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq şöbəsində fəaliyyətə başlamışam.Təssüflər olsun ki,koronavirus pandemiyası ilə əlaqədar olaraq fəaliyyətimiz bir həftə davam etdi.Lakin bu müddət ərzində online fəaliyyət göstərərək bu işi məsuliyyətlə yerinə yetirməyə çalışdıq.Könüllü olaraq bu qurumu seçməkdə əsas səbəblərimdən biri Dövlət Gömrük Komitəsinin Azərbaycanın ən öndə gələn və ən nüfuzlu dövlət orqanlarından biri olması və bu qurumda qazandığım təcrübənin mənim üçün çox önəmli olması idi.Bu təcrübə mənim üçün motivasiya olma və motivasiya edə bilmə,komanda və fərdi olaraq operativ şəkildə çalışmaq,eyni zamanda liderlik və analiz qabiliyyətimin inkişafı və zamandan daha düzgün və daha səmərəli istifadə etmək demək idi.Və burada çalışdığım zaman ərzində mən öz sosial çevrəmi genişləndirib və insanlarla olan ünsiyyət əlaqəmi daha da inkişaf etdirdim.Könüllü olmaq üzərinə hər hansı bir məsuliyyəti almaq və insanın özünü daha lazımlı və daha yararlı şəxs kimi hiss etməsi deməkdir və bu da sizin sosial çevrənizə və ətraf mühitə olan duyarlılığınızı və həssasiyyətinizi artıracaq.Çalışdığım zaman ərzində öz rəislərimdən gördüyüm mehriban və qayğıkeş rəftar və ən önəmlisi onların bizləri öyrətmək istəyinin,bizim öyrənmək istəyimizdən daha güclü olması mənim bu qurumu seçməkdə qərarımın nə qədər doğru olduğunu mənə göstərdi.
Könüllü gömrükçü olmaq mənə gömrük orqanlarının iqtisadi və milli təhlükəsizliyimizin qorunması sahəsində hüquqpozmalarla mübarizəsi ilə daha yaxından tanış olmaq şansı yaratdı.İdarədəki fəaliyyətim zamanı Azərbaycan Respublikasının Cinayət və Cinayət prosesual və gömrük qanunvericiliyini daha dərindən təkmilləşdirmək və nəzəridə öyrəndiklərimizi praktikada tətbiq etmək kimi vərdişləri özümdə formalaşdırmaq şansı əldə etdim.
Mən həmçinin 2021-ci il iyun-oktyabr aylarında Hava Nəqliyyatı Baş Gömrük İdarəsində könüllü olaraq fəaliyyət göstərərək Gömrük orqanlarının fəaliyyəti ilə yaxından tanış oldum.Bəyannamələrin yazılma qaydasını öyrəndim.
Bununla yanaşı bir çox digər sahələrdə könüllü fəaliyyət göstərmiş,həmin qurumların həyata keçirdikəri bir sıra tədbirlərdə yaxından iştirak etmişəm:ASAN Xidmət mərkəzi,Bir Könüllü,RİİB(Regional İnkişaf İctimai Birliyi) və s.
Sonda bunu demək istərdim ki,könüllü olmaq vətəndaşlara hər zaman əl tutmaq deməkdir.Könüllü olmaq qarşılıq gözləmədən,təmənnasız vətəninə,dövlətinə,millətinə təmkinli və və səbrlə xidmət etmək deməkdir. Könüllülük insanın özünə inam və hörmətini artırır.Könüllülük insana öz bacarıqlarını ortaya çıxarmağa şərait yaradır.Çünki iş yerlərində baş verən bir çox problemlər,uğursuzluqlar yanlış edilən iş seçimləri ilə əlaqədardır.Könüllülük bu uğursuzluqları aradan qaldırması üçün çox gözəl bir vasitədir.Cənab prezident İlham Əliyev 2020-ci ili könüllülük ili adlandıraraq bizi çox sevindirdi Bu addım ölkəmizdə həyata keçirilən gənclər siyasətinin inkişafına mühüm töhvə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB