“Qeyri-etik hücumların təsir dairəsindən qorumaq üçün qanunvericilik aktları var” - EKSPERT ŞƏRH ETDİ

“Qeyri-etik hücumların təsir dairəsindən qorumaq üçün qanunvericilik aktları var” - EKSPERT ŞƏRH ETDİ

“Mediada reketçilik üslubunun sosial şəbəkələrə, o cümlədən daha çox “YouTube”a transformasiyası həqiqətən ciddi bir problemə çevrilib. Həm də bundan daha çox Azərbaycan kimi ölkələr əziyyət çəkir. Ona görə ki, sosial şəbəkələrin və xüsusilə də “You Tube”un texniki və informasiya yayımı imkanları olduğuna görə bir çoxları üçün özünü ifadə əndazəni aşır. Yəni, özünü ifadə azadlığından demək olar ki, sui-istifadə səviyyəsinə qədər gəlib çıxa bilirik”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu da onunla bağlıdır ki, “YouTube” kimi sosial şəbəkələrin olduqca böyük texniki imkanları var və bu imkanların yaratdığı şəraitdə bir çoxları özünü ifadədən sui-istifadə səviyyəsinə qədər gəlib çıxa bilirlər: “Bundan da bütün cəmiyyət əziyyət çəkir, müəyyən qurumlar əziyyət çəkir. Ona görə də “YouTube”un və digər sosial şəbəkələrin texniki fəaliyyət imkanlarını məhdudlaşdırmaq hazırkı şəraitdə çox çətin olduğuna görə mənə elə gəlir ki, mediada, sosial şəbəkələrdə ifadə azadlığının qanunvericilik yolu ilə tənzimlənmə qaydalarının tətbiqini genişləndirmək lazımdır. Yəni, necə ki, ənənəvi mediada insan hüquq və azadlıqlarının, insanların şərəf və ləyaqətinin qorunması, onların böhtandan və qeyri-etik hücumların təsir dairəsindən qorumaq üçün qanunvericilik aktları var və bu qanunvericilik aktlarının tətbiq dairəsini ən müxtəlif sosial şəbəkələrə qədər genişləndirmək mümkündür”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Yəni, konkret ondan ibarətdir ki, “You Tube”un digər sosial şəbəkələrin fəaliyyətini texniki olaraq məhdudlaşdırmaqdan qabaq ifadə azadlığını tənzimləyən qanunvericilik normalarının ənənəvi jurnalistikada, çap mediada, saytlarda, televiziyalarda tətbiq olunduğu kimi bunun sosial şəbəkələrdə də tətbiq olunma imkanlarını nəzərdən keçirmək mümkündür. Ona görə ki, sosial şəbəkələrin fəaliyyətinin texniki olaraq məhdudlaşdırılması bu hər bir ölkənin təkcə özündən asılı olan bir məsələ deyil. Çünki sosial şəbəkələr qlobal sistemlər olduğuna görə onların üzərindəki nəzarət və onların idarə olunması qlobal xarakter daşıyır. Buna görə də biz milli dövlətlər olaraq sosial şəbəkələrin imkanlarından, insanların şərəf və ləyaqətinə hücum məqsədi ilə istifadə olunması hallarının qarşısını almaq üçün qanunvericilik normalarının bu şəbəkələrdə tətbiqi yoluna daha çox üstünlük verməliyik. Bu heç bir halda əgər kimlərsə ehtiyat edirsə ki, bu insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Əsla belə deyil. Ona görə ki, necə ki ənənəvi media sahələrində insan hüquq və azadlıqlarının qorunması, insanların şərəf və ləyaqətinin müdafiəsi vacib istiqamətlərdən biri kimi nəzərdə saxlanılıb, eləcə də sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin müdafiəsi qanunvericilik aktlarının təsir dairəsinə salına bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə