YAP İmişli rayon təşkilatında müsabiqə qalibi ilə görüş keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında 1-ci Rəqəmsal İdeya Müsabiqəsində 1-ci yeri qazanmış “Xudayar” komandasının üzvü YAP İmişli rayon təşkilatı “M.Əsədov” ərazi partiya təşkilatının sədri Rüfət Muradov ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP fəalları və İmişli rayonu üzrə 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin qeydiyyatından keçmiş fəallar iştirak edib.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirilib. Həmin müsabiqədə YAP İmişli rayon təşkilatının fəallarından olan Rüfət Muradov Respublika üzrə seçilən 120 nəfər namizəddən biri olub.
Müsabiqədə seçilən iştirakçılar 8 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş, komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar. Rüfət Muradovun üzvü olduğu “Xudayar” komandası 1-ci yeri qazanıb.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, müsabiqə istedadlı və innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə çıxmasında böyük rol oynayıb. İştirakçıların fərqli mühitdə, fərqli öyrənmə imkanı əldə etdiyi bu müsabiqədə xüsusilə regionlardan yüzlərlə gəncin iştirak etmək arzusunda olması sevindirici haldır. Belə müsabiqələrdə əsas məqsəd partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkədəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır.
Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev vurğulayıb ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib. Bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün olduqca faydalıdır.
Digər çıxış edənlər bu kimi müsabiqələrin gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olmasından söz açıblar.
Tədbirin sonunda İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tərəfindən Rüfət Muradova hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB