Cəzaçəkmə müəsisisəsində “Açıq qapı” günü keçirilir - YENİLƏNİB-FOTOLAR

Cəzaçəkmə müəsisisəsində “Açıq qapı” günü keçirilir - YENİLƏNİB-FOTOLAR

BMT Baş Assambleyasının qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə geniş qeyd edilir. SİA xəbər verir ki, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.

Uşaqlarla aparılan məqsədyönlü işlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.

Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.

Cəmiyyətimizin həssas və kövrək qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması daim diqqətdə saxlanılır, azad cəmiyyətə daha tez uyğunlaşması məqsədilə onların islahı və asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, saxlanma şəraiti müasirləşdirilir. Cari ildə Bakıda yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş penitensiar müəssisələrin istifadəyə verilməsi, dövlət başçısının həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olması insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına verilən xüsusi önəmin əyani təzahürüdür.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən həmin müəssisələrdə yetkinlik yaşına çatmayan məhkumların valideynləri ilə və qadın məhkumlar üçün uşaqları ilə görüşü təşkil olunub, "açıq qapı" günü keçirilib.

Tədbirdə Nazirliyin və Penitensiar xidmətin məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının rəhbərliyi, vəkillər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən, uşaqların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan, uşaq hüquqlarının etibarlı təminatından bəhs ediblər. Qadın və yeniyetmə məhkumların hüquqlarının qorunması, onların sosial adaptasiyası məqsədilə görülən tədbirlər vurğulanıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir musiqili-əyləncəli konsert proqramı ilə davam edib, uşaqların ifasında mahnılar, şeirlər, həmçinin penitensiar müəssisənin özfəaliyyət dərnəyinin məhkumlarının çıxışları dinlənilib. Tədbir iştirakçıları əlamətdar bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb, onlara hədiyyələr təqdim ediblər.

Bayram şənliyi uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün Ədliyyə Nazirliyi tərəfindən belə tədbirlərin təşkilinə görə minnətdarlıq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə