"İnsanın vicdanı, etik davranışı, mədəniyyəti olmalıdır" - EKSPERT İRAD BİLDİRDİ

"İnsanın vicdanı, etik davranışı, mədəniyyəti olmalıdır" - EKSPERT İRAD BİLDİRDİ

“Ümumiyyətlə internet resursları, internet dünyası azad dünyadır. Saytlar da internet şəbəkəsinin bir vasitəsidir. Düzdür saytlar qanunla tənzimlənir, saytlar jurnalistikadır. Amma "youtube" üzərindən olan internet kanallarına nəzarət etmək mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən çox güman ki, hansısa tənzimləyici qanunlar qəbul olunacaq: “Amma yenə də bunlara qarşı mübarizə üsulunu yalnız hüquq-mühafizə orqanları indiki məqamda gerçəkləşdirə bilirlər. “Youtube” kanallarında çıxıb kimisə təhqir edib, şərəf və ləyaqətini açaldırlar. Bunlar hamısı Cinayət Məcəlləsində müvafiq formada təsbit olunur. Bunu da yalnız qarşı tərəf şikayət etməlidir. Bu şikayət nəticəsində də məsələ araşdırılmalı və hüquqi qiymətləri verilməlidir. Bunun başqa bir tənzimləyici yolu hələ ki, müəyyənləşdirilməyib.

Birinci növbədə bu kimi hallarda insanın vicdanı, etik davranışı, mədəniyyəti olmalıdır. Bir insan niyə çıxıb efirdən kimisə təhqir etsin? Bu dərəcədə mədəniyyətsizlik olmaz. Bu insan əgər özü-özünü tənzimləyə bilmir, daxilində etik senzura formalaşdıra bacarmırsa, o insan mütləq hansısa bir formada qanunla cəzalandırılacaq.

İkincisi isə hər hansısa bir qayda pozuntusu, böhtan xarakterli fikirlərin səsləndirilməsi özü də, Cinayət Məcəlləsində maddələr şəklində təsbit olunub. O maddələr əsasında da mütləq həmin insanlar hər hansısa bir formada məsuliyyətə cəlb olunmalıdırlar və olunurlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə