Şəhid Cavid Səfərlinin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTOLAR
Bu gün İmişli rayon Mədəniyyət Mərkəzində şəhid baş leytenant Səfərli Cavid Xaliq oğluna həsr olunmuş “Azərbaycan oğluyam” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Elçin Rzayev şəhidimiz Cavidin şərəfli ömür yolundan danışıb. İcra başçısı bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, şəhidlik uca və əlçatmaz zirvədir. Hər kəs bu zirvəyə yüksələ bilmir. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi güclü olan, Vətəninin hər qarışını canından, qanından üstün tutanlar, bu yolda ölümün gözünə dik baxmağı bacaran igid oğullar bu zirvəni fəth edirlər. Minlərlə qəhrəman oğullarımız hər zaman öz hünərləri ilə bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Həmyerlimiz Cavid Xalıq oğlu Səfərli də belə oğullardan biri olub. Bu gün qürurla söyləyirik ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Cavid kimi qəhrəman, vətənpərvər, igid döyüşçülərimizin qorxmazlığı sayəsində zəbt olunmuş torpaqlarımız düşmən tapdağından azad edildi, bütün şəhidlərimizin ruhu rahatlıq tapdı. Bu amal uğrunda canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını azad olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və ümdə borcu olmalıdır. Daha sonra Şəhidimizin ailə üzvləri çıxış edib. Onlar övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvər ruhda şeirlər söylənilib və “Qəhrəmanlıq yolu” adlı sənədli film nümayiş olunub.
Xatırladaq ki, düşmənə ağır zərbələr endirən Cavid Səfərli göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB