Pirallahı rayonunda növbəti səyyar qəbullar keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. SİA-nın verdiyi məlumata görə, İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 27 may tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq Müstəqillik günü münasibətilə təbrik edib. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü bu ildən Müstəqillik günü kimi qeyd olunur.

Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verib. Bildirilib ki, mayın 22-də Belçi­kanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən üçüncü görüşü zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimi­tasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olundu. Bu önəmli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalaması və eyni vaxtda, Ermənistan baş naziri Nikol Paşinyan da delimitasiya ko­missiyasının yaradılması haqqında tapşırıq verməsi bundan əvvəl aparıl­mış danışıqların əməli məcraya daxil olmasının göstəricisidir. Delimitasiya komissiyalarının fəaliyyətə başlaması Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən komissiyanın yaradılması iki ölkə arasında sülh razılaşmalarının əldə edilməsi yönündə daha bir müsbət addımdır. Bu gün Ermənistan üçün böhran vəziyyətdən çıxmaq üçün yeganə yolunu sülh müqaviləsinin bağlanmasıdır.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı tez-tez həmin ərazilərə səfər edir, müvafiq tapşırıqlar verir. Mayın 26-da İlham Əliyev, birinci xanım Mehriban Əliyeva növbəti dəfə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər və burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Dövlət başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.

Natiq qeyd etdi ki, Azərbaycanda hər il müxtəlif mötəbər beynəlxalq tədbirlər keçirilir. Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib. “Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. “Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər. “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilir.

Sonra Vasif İmanov Rəqəmsal İcra Hakimiyyəti (rih.gov.az) portalından danışaraq bildirdi ki, artıq vətəndaşlar İcra Hakimiyyətinə gəlmədən də bu platforma vasitəsi ilə xidmətlərdən elektron qaydada yararlana bilərlər. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.

Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, evinin dam örtüyünün təmiri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...