DMX-da 28 May Müstəqillik Gününə həsr edilmiş regional tədbir keçirilib - FOTOLAR

Şəki Regional Miqrasiya idarəsində təşkil edilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. SİA xəbər verir ki, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev əməkdaşları salamlayaraq Xidmət rəisi Vüsal Hüseynovun təbriklərini çatdırıb.

Tarixin ən şanlı və parlaq səhifələrindən olan 28 May Respublika Gününün əhəmiyyətindən danışan Vəli Nağıyev həmin tarixi Azərbaycan xalqının qürur duymasına əsas olan məqam kimi qiymətləndirib. Bildirib ki, Cümhuriyyətin varisi olan müstəqil və müasir Azərbaycan Respublikası məhz ulu öndər Heydər Əliyevin atdığı qətiyyətli addımların bəhrəsidir. Uzaqgörən siyasətin uğurlu davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı özünü bir daha büruzə verdi. Xalqımızın 30 illik həsrətinə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Vətən övladlarının şücaəti ilə son qoyuldu.

Xidmət rəisinin birinci müavini həmçinin son zamanlar Xidmət tərəfindən görülmüş işlər, elektron xidmətlərin sayının və keyfiyyətinin, məlumatlılığın artırılması istiqamətində atılan addımlardan danışıb. Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi” üzrə ardıcıl olaraq 4-cü dəfə Dövlət Miqrasiya Xidmətinin ən yüksək nəticəni göstərdiyini bildirib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və Şəki regional miqrasiya idarəsinin yaranmasının 10 illik yubileyi ilə əlaqədar xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan bir qrup regional miqrasiya idarəsi əməkdaşı medal və fəxri fərmanlarla təltif olunublar. Həmçinin DMX-nin Həmkarlar İttifaqının xatirə hədiyyələri təqdim edilib.

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev və Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev əməkdaşları bir daha təbrik edərək, tapşırıq və tövsiyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə