Bakıda keçirilən "Texnofest" festivalı barədə ŞƏHƏR SAKİNLƏRİ NƏ DÜŞÜNÜR? - SORĞU

Bu gün artıq günlərdir hər kəsin gözlədiyi “Texnofest” festivalına start verildi. Biz də SİA olaraq, əhali arasında sorğu keçirərək, festival ilə bağlı fikirlərini öyrəndik:

Şəhər sakini Kənan Ədilzadə:
“Texnofest” festivalı xaricdə də hər zaman keçirilirdi və hər zaman diqqətimi çəkib. Ölkəmizdə keçiriləcəyini öyrəndikdə də çox sevindim. Bilet almışam və gedib, izləmək üçün çox səbirsizlənirəm”.

Şəhər sakini Sona Zeynallı:
“Qardaş ölkə kimi bizim paytaxtımızda keçirilməsi bir daha Türkiyə-Azərbaycan dostluğunun necə möhkəm olduğunun nişanəsidir. Türkiyənin Azərbaycana necə etimad etdiyinin nişanəsidir. Hər il inkişaf etdirilən türk texnoloji sahəsinin bütün dünyaya nümayiş etdirilməsini özündə əks etdirən festivalda nəinki həmvətənlərimiz eləcə də dünyanın bir çox yerindən gələn turistlərə də rast gələ bilirik”.


Şəhər sakini Fuad Səmədzadə:
“Belə bir festivalın keçiriləcəyini öyrəndikdə diqqətimi çox çəkmişdi və o dəqiqə dostlarımla birlikdə bilet aldıq. Bu gün, festivalın ilk günündə iştirak etdik. Hər şey çox maraqlı görünürdü. Məncə hər kəs bu festivalı izləməlidir”.

Şəhər sakini Banuçiçək Hüseynli:
“Texnofest” Türkiyənin milli texnologiyalarını inkişaf etdirmək məqsədi ilə təşkil edilən ilk və yeganə festivaldır. Ümumiyyətlə, festival milli texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır. Hər kəsə açıq və pulsuz olması daha da çox insanın cəlb olunmasına gətirib çıxarır”.


Şəhər sakini Nurlan Allahverdili:
“Biz dostlarımızla birgə əvvəlcədən biletləri almışıq. Bağlanış mərasimini səbrsizliklə gözləyirik. Əminəm ki, bu həyacanımıza dəyəcək və bizi çox maraqlı bir festival gözləyir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə