QARDAŞ İTKİSİNİ YAŞAMAQ DA VARMIŞ... MÖVQE

Həyatda hər kəs Allahın nəsib etdiyi bir ömür yaşayır, yaşlanır, dünyasını dəyişir, hər bir itikini necə yaşayırsan onu əzizlərini itirənlər yaşayır. Amma qardaş itkisi çətin dərddir, özü də beş bacının bir qardaşını, ailə həyatı qurmayan mehriban, qayğıkeş qardaşı itirmək.... İki ildir ki, bizdən ayrı düşmüsən arxamız, dayağımız, beş bacının bir ümidi Akif. Bu iki ilin hər ayını, hər həftəsini, hər gününü beş bacılar bir-birindən xəbərsiz içimizdə çəkmişik. Danışıqların, bacı balalarına məhəbbətin, qayğın, «neyləyirəm evlənməyi, bunlar mənim balalarımdır» dediyin sözləri, oturduğun yerləri, arzularını elə gün olmur ki, xatırlamayaq. Çünki qardaş dərdi yaman ağır olur, bacılar üçün. Bu iki ildə sənsizliyimizin nə qədər ağır olduğunu qardaş itirən bacılar bilir. Bu dərdi də çəkdik. Bütün şəhid olan qardaşlara, bütün qardaş itirən bacıların dərdlərinə qurban. Çox çətin dərddir, ağrıdır qardaş itirmək. Biz bacıların bu iki ildə qardaşsız keçən günlərindən danışmaq istədim, ancaq qəhər boğdu məni. Birdən özümdən asılı olmayaraq qışqıraraq: "Ay qardaş", deyib hönkürtü ilə ağladım, ağladım... Nə qədər çətin dərddir, nə danışa bilirsən, nə də ürəyindən keçənləri ifadə edə bilirsən, qəhər boğur. Bu iki ildə sənsizliyimiz olan beş bacının bir qardaşı, hər bacıya canını qurban edən, bacı balalarının hər biri ilə sevinib başına fırlanan mehriban dayını itirmək necə də çətinimiş. Sənsiz hər günümüz illərə dönüb, yer tapa bilmirik. Ancaq fələk səni bizdən amansızcasına aldı. Qoymadı ki, gəlib əlimiz əlinə, gözümüz gözünə baxa. Nə çətinimiş qardaşı qara daşa dönən bacıların dərdi. Qardaşı qara daşa dönən bacılara biz bacılar qurban.

Dərmanı tapılmaz, dərdi bilinməz,

Sağalmaz yaradı - qardaş ölümü.

Dünyanı dolanıb gəzsən nə qədər,

Tapılmaz çaradı - qardaş ölümü.

Ürəyindən şirə çəkib, yetişən,

Nə sağalan, nə kəsilən, bitişən.

Köksünü göynədib, qəlbinə düşən,

Silinməz qaradı - qardaş ölümü.

Dağ olub dalımızda duran qardaşım laylay. «Qardaş deyəndə dilim yandı» deyən bacılar ağlasın. Sən hamının qardaşı idin, ürəyi təmiz, könlü tox, mərd qardaşımız idin. Axı ata-anamızdan sonra son ümidimiz sən idin, ay qardaş, niyə getdin uzağa... İki il bizdən ayrı düşməyinə, yoxluğuna inanmırıq, gözümüzün işığı qardaş. Səni sevmək, əzizləmək demə az imiş. Səni qorumaq da lazım imiş. Sən həyata qarşı çox bədbin idin. Ailə də qurmadın. Ona görə də həmişə deyirdin: “Tək gəlmişəm bu dünyaya, tək də gedəcəm”.

Sən, həyata tək olaraq “əlvida” deyib, ömrünü tapşırdın. Ruhun göylərə uçdu... Amma sənin beş yetim bacıların, «bacımın balaları balalarımdır» dediyin o uşaqların, qohumların, dostların, tay-tuşların iki il keçməsinə baxmayaraq sənin yoxluğuna heç cürə inana bilmirlər... Bizə «əlvida» dediyin gündən hamı sənin xeyirxahlığından, böyük ürəyindən, insanlara yalnız yaxşılığından, mərdliyindən, bacılarına bağlılığından, yaraşığından danışıb, göz yaşları tökürdülər, bu gün də sənin yoxluğuna inanmırlar.... Axı sən, üzərində gəzdiyin torpağın da üstünə ayaqlarını ehtiyatla qoyurdun ki, birdən torpaq səndən inciyər... Bəs sən bizə niyə qıydın qardaş?.. Niyə hər şey birdən-birə alt-üst oldu? İndi başa düşürəm ki, bu dünyanın bütün naz-neməti, var-dövləti sənin bir baxışına, bir təbəssümünə dəyməzmiş, qardaşım... Sən bizi həyatda ümidsiz qoydun. Sən bilirdin ki, anamızın, atamızın qəlbində yanar bir çıraq idin. Ata, anamız səndən nigaran getdi, sən də bizi ümidsiz etdin, qardaş. Bəs niyə o çırağı söndürdün? Niyə özünü qorumadın?.. Hər şeyi ürəyində, içində çəkdin. Çəkdin... sonda...

Ağladır dərd bizi, boğur bu qəhər,

Zalım fələk zülm olmaz bu qədər.

Sınıq ürəyimizin sözüsən qardaş,

İşıqlı dünyamızın, közüsən qardaş.

Deyir əri eldən taparlar, oğulu beldən alarlar, bəs qardaşı hardan alarlar? Dağlarda dağım qardaş, bağlarda bağım qardaş, sərin yaylağım, qaranlıq yollarımın işığı, qardaşım lay-lay. Sinəmizdə qardaş həsrəti bizi yandırır, heç nə ilə təsəlli tapa bilmirik. Yerimiz od tutub yanır. Necə də yanmayaq, axı yerin soyuqdur, qardaş...

Yatma bu quru yerdə, dur gedək, qardaş,

Salma bizi dərdə, dur gedək, qardaş.

Ancaq neyləyək ki, özün əbədi yerini seçdin, ölümünlə öldürdün bizi. Ömürlük dərd verdin bizə.

Allah sənə rəhmət eləsin, qardaş, yerin cənnət olsun, məzarın nurla dolsun, təmiz qəlbli qardaşımız, Akif!

QARDAŞSIZ BACIN RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...