Bakı Peşə Hazırlığı Mərkəzi yeni layihəsi ilə finalçılardan biri oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalında iştirak edir. ƏƏSMN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası"-T3 Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.

Festivala "Bacaranlar" komandası ilə qatılan Peşə Hazırlığı Mərkəzi Festivalın "Sosial yönümlü texnologiyalar” kateqoriyası üzrə müsabiqəsinə "TexnoBaba" layihəsini təqdim edib.

Bu kateqoriyaya Azərbaycan üzrə 100-ə yaxın komanda müraciət edib və onlardan yalnız 15-i, o cümlədən Bakı Peşə Hazırlığı Mərkəzi müsabiqənin final mərhələsində iştirak hüququ əldə edib.

"TexnoBaba" layihəsi işsiz gənclərin qurub-yaratmaq, inkişafa meyillilik ideyalarının həyata keçirilməsinə, təhsildə innovativ yeniliklərin tətbiqinə dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində www.texnobaba.com rəqəmsal platforması yaradılıb və bu platforma öz ideyalarına invertar dəstəyi axtaran gənclər ilə bu sahəyə yatırım etmək istəyən investorları birləşdirir. Bunun üçün gənc ilk olaraq saytda qeydiyyatdan keçərək ehtiyacı olan robot setləri və ya başqa bu kimi məhsulları qeyd etməlidir.

"Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır.

"TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalı 26-29 may tarixlərini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə