Ölkədə şəhid ailələrinə və qazilərə hər zaman diqqət göstərilir - JURNALİST EKSPERT AÇIQLADI

"Azərbaycanda şəhid ailələri və qazilərə olan qayğı bütün dövrlərdə yüksək səviyyədə olub. Azərbaycanın 2-ci dəfə müstəqilliyini bərpa edəndən sonra 20 min şəhidi var. Yəni bu da o deməkdir ki, Azərbaycanın həm də 60 min qazisi var". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, bu kiçik bir ölkə üçün qısa bir müddətdə böyük rəqəmdir: "Bu rəqəmin ifadəsi olan insanların qayğısına qalmaq, qulluğunda durmaq və digərlərindən müsbət mənada fərqləndirmək bir dövlət üçün fenomen hadisədir. 2-ci Qarabağ müharibəsindən sonra xüsusən şəhid ailələrinə və qazilərimizə qarşı olan diqqət, qayğı yüksək səviyyədədir. Müharibədən sonra ölkəmiz bütün sahələrdə güclənərək, öz qüdrətini bütün dünyaya bir daha sübut etdi. Cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva öz hümanist rəfdarları ilə daima şəhid ailələini və qazilərimizi diqqətdə saxlayırlar. Amma təəssüflər olsun ki, bu gün qazilərin və şəhid ailələrinin adından sui-istifadə edirlər. Bu da insanda ikrah hissi doğurur. Bəzi şəhid ailələri yalnışlığa yol verir, qazilər düzgün olmayan addımlar ataraq narazılıq yaradırlar. Sonda isə araşdırılaraq məlum olur ki, haqlı deyirlər. Qazilərimiz demək olar ki, daima forma ilə gəzirlər. Lakin bu qanuni olaraq düzgün deyil. Bir aralar qazilər nömrəsiz avtomobil idarə edirlər. Kimliyindən aslı olmayaraq belə hərəkətə yol verməz cinayət hadisəsi sayılır. Qazilərimiz bu kimi hallara yol versələr də polislərimiz onlarla son dərəcədə incə rəftar edərək, onların qarşısını almağa çalışırdılar.

Dünyanın heç bir yerində məmurla mülki insan arasında bu cür münasibət yoxdur. Düzdür, bəzi hallarda məmurlarında etdiyi bir sıra yolverilməz hallar olur. Lakin bu o demək deyil ki, biz hər zaman qarşılıqlı dava şəraitində olmalıyıq. Şəhid ailələrinə diqqət və qayğı hər zaman göstərilir və göstəriləcək də. Ötən günlərdə bir şəhid anası torpaq iddiası ilə meydana gəlsə də, sonradan məlum oldu ki, bu maklerin torpağıdır və şəhid anasının adına çıxarır ki, rahatlıqla həmin torpaqda ev tikə bilsin. Sosial şəbəkələrdə bu xəbərlər yayıldığı zaman heç kim araşdırmırdı ki, bu hadisə haradan qaynaqlanıb. Amma hamı istədiyini yazaraq, mövzunu şərh etdi. Amma hamı qanuna tabe olmalı və ona uyğun şəkildə hərəkət etməlidir. Hətta şəhid ailələri və qazilər qanunu daha çox qorumalıdır. Çünki bu qanunlar əsasında formalaşan və yaranan Azərbaycan üçün canından-qanından keçiblər. İctimai qınaq bizdə düzgün baş vermir məhz bu səbəbdən də belə problemlər ortaya çıxır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə