Azərbaycanın avtomobil parkı yenilənir?

Qeyd edək ki, əgər 1991-1992-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür.

O da məlum olub ki, sənaye müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidən qurulması nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Ancaq köhnə nəqliyyat vasitələri ekologiyaya daha çox zərər vurur. Bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən, istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda istismardan çıxarılır.

Yadımdadır ki, hələ ötən il köhnə, istismarını başa vurmuş maşınların yığışdırılacağı barədə söz-söhbət gəzirdi. Amma sonradan bu söz-söhbət səngidi.

Amma bu günlərdə Azərbaycanın avtomobil parkının yenilənəcəyi barədə xəbərlər yenidən gündəmə gəlib. Deyilənlərə görə, köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.

O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:

Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir”.

O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...