Azərbaycanda Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.

SİA-nın məlumatına görə, bununla bağlı AAYDA-da keçirilən təqdimat mərasimində qurumun İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov bildirib ki, 6 aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilmiş, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilib.

"Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılmış və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb.

Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası qoyulmuş, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılıb.

Məlumat üçün bildirək ki, AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.

Müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulmuşdur. Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.

Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir", - R.Ələkbərov deyib.

O qeyd edib ki, cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınmışdır ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub:

Qeyd edək ki, Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23 nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası yaradılıb.

"Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və "Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...