Ana südü ilə qidalanmamaq HANSI FƏSADLARA YOL AÇIR? - MÜTƏXƏSSİS AÇIQLADI

“Bir uşağın sağlam olması üçün anadan olduqdan ilk 6 ay ərzində mütləq şəkildə ana südü ilə qidalanmalıdır. Ana südündə insan orqanizminin inkişafı üçün bütün vitamin və minerallar var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, eyni zamanda ana südü ilə qidalanan uşaqların immun sistemi də güclü olur: “Ancaq ana südü ilə qidalanmayan, əlavə qidalardan istifadə edən uşaqlarda birinci növbədə immun sistemi aşağı olur və inkişaf nisbətən az olur. Çünki bir çox hallarda süni qidalar kimyəvi qatqı maddələri ilə zəngin olur. Kimyəvi qatqı maddələri isə orqanizmə, həzm sisteminə ziyan vurur. Bu cür qidaların isə fəsadları çox olur. Çünki immun sistemi aşağı olduğu təqdirdə müxtəlif xəstəliklərə tutulma riski də çox olur.

Süni qida ilə qidalanan uşaqlarda da ən çox rast gəldiyimiz qidaya qarşı həssaslıq, allergiya halları baş verə bilər. Bu cür problemlər isə sırf süni qidalardan qaynaqlanır. Bundan başqa ana üçün də südlə qidalandırmamağın da fəsadları ola bilər. Hamiləlik prosesində hormonal balans dəyişir. Eyni zamanda südlə qidalandırdıqda da həmin hormonal balans özünü tənzimləyir.

Ana südünü artırmaq üçün mütləq şəkildə gündəlik maye miqdarını yetəri qədər almaq lazımdır. Bu da təxminən bədən çəkisinə görə, bir kq çəkiyə 30-50 ml su hesablanır. Eyni zamanda meyvə-tərəvəzlərdən də istifadə vacibdir. Bir çox hallarda yanlışlıqda qatılaşdırılmış süddən, bir çox bitki dəmləmələrindən yanlış şəkildə istifadə edirlər. Bu həm körpə, həm də ananın özü üçün zərərli ola bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə