YAP İmişli rayon təşkilatında layihə qalibləri mükafatlandırılıb - FOTOLAR

YAP İmişli rayon təşkilatının və Ümid Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 15 mart 2022-ci il tarixdə start götürmüş “Ümummilli liderimizi tanıyaq” və “Qarabağ Azərbaycandır!” layihəsinə yekun vurulub. SİA xəbər verir ki, bu məqsədlə 24 may 2022-ci il tarixdə YAP İmişli rayon təşkilatında tədbir keçirilib. Tədbirdə ümumtəhsil məktəblərinin direktorları, valideynlər, ziyalılar, mətbuat nümayəndələri və qalib gələn şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ümid Tədris Mərkəzinin təsisçisi Ceyhun Quliyev bildirib ki, layihə rayonun 8 ümumtəhsil məktəbinin 950 şagirdi arasında keçirilib. İki mərhələdən ibarət layihədə Ümummilli liderimiz Heydər Əliyevin həyat və faəliyyətindən, Ali Baş Komandan İlham Əliyevin Qarabağ zəfərindən bəhs edən inşa müsabiqəsinin, müxtəlif intellektual oyunların qalibləri arasından seçilən 20 ən yaxşı şagird müəyyən edilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu Öndərin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz fədakarlıq, eləcə də Sovet dönəmində onun rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyətdən bəhs edib. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində tarixdə silinməz iz qoyduğunu qeyd edib. Natiq həmçinin həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin Qarabağ zəfərindən söhbət açaraq rəşadətli ordumuzun, xalqımızın öz rəhbəri ilə sarsılmaz birliyinin, Prezident İlham Əliyevin sərkərdəlik məharətinin nəticəsində nail olduğumuz qələbədən danışıb.

Çıxış edənlər Ümummilli liderimiz Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin bugünki inkişafın zirvəsində olan dövlətimiz üçün gördüyü mühüm işlərdən danışıblar.

Sonda qalib şagirdlərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə