Gəncədə türk mətbəxinin təqdimatı keçirilib

21-27 may tarixlərində Türkiyə Prezident Administrasiyasının təşkilatçılığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türk mətbəxi həftəsi" keçirilir.

SİA APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, bununla əlaqədar olaraq Gəncə şəhərində türk mətbəxinin və “Türk mətbəxi” kitabının təqdimatı gerçəkləşib.

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, millət vəkili Müşfiq Cəfərov, GDU-nun rektoru, professor Yusif Yusibov, Yap Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, iş adamları və digər rəsmilər iştirak ediblər.

Zeki Öztürk qonaqları salamlayaraq bildirib ki, 21-27 may 2022-ci il tarixlərində Türkiyədə “Türk mətbəxi həftəsi” keçirilir.

“Bu gün bu proqram çərçivəsində Gəncə şəhərində qədim və zəngin tarixə malik olan türk mətbəxinin, həmçinin Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə ərsəyə gələn və türk mətbəxinin ləziz nemətlərini bir yerə toplayan “Türk mətbəxi” adlı kitabın təqdimatını təşkil etmişik. Əsas məqsədimiz Türkiyənin mətbəxini, mədəniyyətini hamıya tanıtmaqdır”, - deyə konsul qeyd edib.

Tədbirdə türk mətbəxinin özəlliyindən, Türkiyədə ən çox bişirilən yeməklər haqqında məlumat verilib. Baş konsulun xanımı Ayfer Öztürk türk mətbəxinin nümunələrindən olan gül suyunun hazırlanma qaydasını tədbir iştirakçılarına nümayiş etdirib.

Daha sonra qonaqlar əsrlərlə təriflənən türk mətbəxinə daxil olan İstanbul menyusunun müxtəlif təamlarına qonaq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...