"ATMA-YARAT-SAT" adlı yarmarka keçirilib -FOTOLAR

Tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir.

SİA xəbər verir ki, hazırda təbii ehtiyatların azalması, xammala olan tələbatın isə çoxalması təkrar emal zərurətini yaradır. Artıq dünyanın bir çox ölkələrində yaşıl iqtisadiyyat və yaşıl artım hədəfləri müəyyənləşdirilib. Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı bir çox layihələr və yaradıcı yanaşmalar tətbiq etməklə insanların diqqətini ətraf mühitin mühafizəsinə çəkmək geniş yayılmış təcrübələrdəndir.

Yaradıcı insanlar tərəfindən lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilərək zövqoxşaması tullantılara qarşı münasibəti dəyişməklə müəyyən səviyyədə ətraf mühitin çirklənməsinin qarşısını alır. Tullantıların həcminin azalmasına xidmət edən bu prosesə dəstək vermək məqsədi ilə ATMA-YARAT-SAT adlı sosial layihə həyata keçirilib. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib. “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq növbəti ATMA-YARAT-SAT sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

“İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində (Qoşa Qala qapısı) keçirilən layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunub və satışı təşkil edilib. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi ATMA-YARAT-SAT sosial layihəsinin ənənəvi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...