Yevlaxda “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilib - FOTOLAR

Yevlaxda “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilib - FOTOLAR

19 mart 2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birgə “Narkomaniyaya yox!” mövzusunda tədbir keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın katibi, Yevlax İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin hüquqşünası Vidadi Murtuzayev açaraq bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırıb. Həmçinin bildirdi ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Vasif Quliyev çıxış edərək Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilik əsasları, dövriyyəsi qadağan olunmuş yeni növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarına qarşı mübarizə məsələlərini diqqətə çatdırıb.

Rayon Polis Şöbəsinin rəis müavini Şahlar Cəfərov, Rayon Prokurorunun müavini Emil Qurbanov, Mingəçevir Narkoloji Dispanserinin həkim-narkoloqu Eldar Mustafayev hazırda dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizədən danışdılar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulayıblar.

Tədbirdə həmçinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına məlumat broşürləri paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə