"Nə qədər inkişaf olsa da, hər zaman ailə institutunun problemləri olub. Bizim həyat tərzimiz və yaşayışıyımız milli dəyərlərimizdə olan ailə modeli ilə ziddiyyət təşkil edir". SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.
Onun sözlərinə görə, "Ailə günü” Azərbaycanda 2007-ci ildən qeyd olunur: “Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir. Əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir -urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.".
Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc dövlətin ailə strategiyasının hazırlanması üçün Dövlət Komitəsinin Ailə və Sosial Xidmətlər Nazirliyinə çevrilməsinini təklif edib: "Bu təkcə status dəyişikliyi deyil, həm də dövlət siyasətinin hərtərəfli həyata keçirilməsi üçün fürsətdir".
Z.Oruc deyib ki, ölkəmizdə möhkəm, fədakar, qalib azərbaycanlı ailəsinə xas olan dəyərləri təbliğ edən televiziya verilişləri azdır: "Medianın "əbədi gənc" təbliğatı ilə "özü üçün yaşamaq", ümumiyyətlə ailə qurmamaq, evlilikdən daha çox anti-ailə dəyərlərini təbliğ etmək bir gerçəklikdir. Valideyn olmaqdan şüurlu surətdə imtina edən, yaxud "uşaqsız ailə" modelinə şüurlu surətdə seçim edənlər mühüm bir siqnaldır".
Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB