Şəhər sakinlərinin tətili harada keçirəcəkləri MARAQ DOĞURDU - SORĞU

Şəhər sakinlərinin tətili harada keçirəcəkləri MARAQ DOĞURDU - SORĞU

Artıq yay ayları yaxınlaşır və bir çoxlarının tətili harada keçirəcəkləri barədə planı artıq hazırdır. Bu dövrdə bəziləri xaricə, bəziləri isə öz bölgələrimizdə dincəlməyə üstünlük verir. Biz də SİA olaraq şəhər sakinləri arasında yay tətillərini necə keçirəcəkləri ilə bağlı sorğu keçirdik.

Şəhər sakini Zahid Xəlil:
“Azərbaycan doğma torpağımızdır, buranın təbiəti bizə daha xoşdur. Buna görə də öz torpaqlarımızda dincəlməyə üstünlük verirəm. Eyni zamanda son illərdə bir çox rayonlarımızda çox yaxşı sanatoriyalar açılıb ki, başqa yerə üz tutmağa ehtiyac qalmır.
İndi isə təbii ki, ən çox getmək istədiyim ərazi Şuşadır”.

Cəmilə Xəlilova:
“Azərbaycanı çox sevirəm. Hər yay Azərbaycanın bölgələrini gəzirəm.
Ola bilər ki, istirahət üçün xaricə çıxım. Lakin xüsusilə iyun-iyul aylarında Azərbaycanın bölgələrini gəzməyi planlaşdırmışam. İsmayıllı, Qəbələ, Quba və Nabrana getmək istəyirəm”.

Kərim Kərimli:
“Daha çox doğulub, böyüdüyümüz yerlərə gedirik. Yəni Qəbələyə üz tuturuq. Orada öz həyətimiz var, elə orada dincəlmək kifayət edir. Nə vaxtsa alınarsa, xarici ölkələrdə də istirahət edərik”.

Leyla Vəlibəyova:
“Biz təbii ki, Azərbaycanda dincəlməyə üstünlük veririk. Türkan qəsəbəsində bağımız var. Adətən bütün yayı orada ailəmizlə birgə keçiririk. Amma şərait yarandığı qədər rayonlara da üz tutmağa çalışırıq”.

İsa Məhərrəmov:
“Azərbaycan ərazisində dincəlmək mənim üçün olduqca xoşdur. Daha çox Masallı, Ağcabədi, Qubaya gedirəm. Eyni zamanda yayda mütləq şəkildə dənizkənarına gedirəm və ailəmlə birlikdə vaxt keçirməyi sevirəm”.

Aybəniz Quliyeva:
“Mən öz Vətənimizi çox sevirəm və xarici ölkələrə getməyə ehtiyac duymuram. Ən çox getmək istədiyim ərazi isə öz doğma yurdum olan Zəngəzura getmək istəyirəm. İnşallah gedib görmək nəsib olar. Eyni zamanda ən çox görmək istədiyim bölgələrdən biri də Şəkidir. Oranın tarixi, mədəniyyəti mənə olduqca maraqlı gəlir”.

Mahmud Vəlibəyov:
“Adətən yay tətilini Azərbaycan ərazisində keçirirəm. Müxtəlif rayonları gəzirəm. Lakin mən Şuşalıyam və ümid edirəm ki, gün gələcək dincəlmək üçün Şuşaya gedəcəyəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə