Kitab sərgiləri insanlar arasında mütaliəyə marağı artırır? - SORĞU

Bildiyimiz kimi artıq bir neçə dəfə kitab sərgiləri keçirilib. Lakin hələ də insanlar arasında kitaba sevgi o qədər də çox deyil. SİA bunun səbəbini və kitab sərgilərinin əhəmiyyəti barədə sorğu keçirib:

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov:
“XXI əsr bir çox sahələrdə olduğu kimi kitab, nəşriyyat, mütaliə mədəniyyətində də mühüm dəyişikliklərə səbəb olan hadisələrlə zəngindir. Artıq nə yazıçılar illərlə kitab çapını gözləyir, nə də oxuçular kitabxanaya gedib, həftələrlə yeni çıxmış kitabı alıb, mütaliə etmək üçün növbəyə dururlar.
İnformasiya texnologiyaları, internet, sosial şəbəkələr, saytlar, bloglar inkişaf edir. Həm oxucular, həm də yazıçılar birbaşa təmas qurmaq üçün geniş imkanlar qazanıblar. Buna görə də ənənəvi nəşrlərin həm sayı baxımından, həm nüsxə, həm də oxucular tərəfindən oxunması məsələsində get-gedə problemlər kəskinləşir. Bunu da normal qarşılamaq lazımdır. Çünki smartfon vasitəsilə minlərlə kitab əldə etmək imkanı olduğu təqdirdə, hansısa bir kitabı alıb evdə mənzili dağıtmağın mənası yoxdur. İnsanlar genişliyə, komforta öyrəşiblər. Bu baxımdan da bu kimi halları normal qarşılamaq lazımdır.

Digər bir tərəfdən Azərbaycan elmində, ədəbiyyatında çevrilişə səbəb ola biləcək əsərlər, kitablar yazılırmı? Problem buradadır.

Dünyanın bir çox ölkələrində artıq kağız yayımına imtina gedirlər. İstiləşmə, nəqliyyata, satışa xərclənən pullara qarşı elektron variantda kitab hazırlamaqla bu qədər böyük problemlərin qarşısını almaq olur. Oxucular da artıq virtual mütaliəyə yönəlirlər. Buna görə də artıq bu yeniliklərə, inkişafa öyrəşmək lazımdır”.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:
“Hələlik iki sərgi keçirilib, lakin paralel şəkildə bu sərgilərin sayını artırmaq olar. Bakıda hazırda sərgi keçirməyə icazə verilmir. Biz hər il Bakı parklarında sərgilər keçirirdik. Buna görə də biz çalışırıq ki, kənar yerlərdə kitab sərgiləri keçirək. Bakının ətrafında sərgilər edirik, amma hazırda Bakının içərisinə daxil olmaq mümkün deyil. Çünki burada sıxlıq yaratmaq olmaz. Əslində kitaba maraq var, kitab oxuyanlar çoxdur. Amma düşünürəm ki, oxucuların sayının daha da artması üçün Bakı ərazisində də yenidən kitab sərgilərinin keçirilməsinə imkan yaradılsa, çox yaxşı olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə