Pomidor - alma kimi... - FELYETON

Son illər ölkəmizdə fəaliyyət göstərən bəzi istixanalarda keyfiyyətli pomidor sortları yetişdirilir. Bu sortların toxumlarını haradan alırlar, haradn gətirirlər, nə cür əldə edirlər, deyə bilmərəm. Ancaq maşallah deyək ki, göz dəyməsin. Vallah, sözün həqiqi mənasında qürur duyur insan. Mən deyim nəyə görə, siz də dinləyin. Əvvəllər gedirdin bazara pomidor alırdın. Bilmirdin ki, onu evə necə çatdırasan. Bütün aldıqlarını bir ayrı zənbilə yığmalıydın, pomidoru bir ayrı zənbildə ayrıca götürməli idin ki, evə sağ-salamat çatdıra biləsən. Yanından yel ötməmiş əzilirdi. Yaxşı, bir təhər evə çatdırdın. Bircə günün içərisində də yeyilib qurtarırdı 2-3 kiloqram pomidor. Bax bilmirəm bu, niyə belə olurdu.

Ancaq indi pomidor ta adama əvvəlkilər kimi əziyyət vermir. Bazara get, marketə get, nə istəyirsən al, yığ bir zənbilə, istəyirsən pomidoru da lap altdan yığ. Evə qayıdanda marşrut avtobuslardakı o dəhşətli sıxlığa düş, bəzi küçələrdə qazılıb aylarla təmir etdilməyən çalalara ayağın keçsin, yıxıl, yenə də evdə zənbilini boşaldanda görəcəksən ki, pomidorların heç burnu da qanamayıb. Yenə də maşallah.

Vallah, inkişaf, yenilik, tərəqqi çox gözəldir. Kimin ağlına gələrdi ki, uzun illər aldığımıza bizi peşman edən pomidor illər sonra bizi belə şad-xürrəm edəcək. Hələ əzilməsini qoyaq bir kənara. Əvvəlki pomidorlar soyuducuda bir neçə gün qalandan sonra suyu axırdı, soyuducunu korlayırdı. Gəl indi buyur, təmizlə. Ancaq indiki pomidorlar, maşallah, həftələrlə qalır soyuducuda, əhvalı belə pozulmur. Həm də neçə gözəl doğranır, alma kimi. Hətta almanı doğrayanda eşitdiyin o şaqqıltı səsini də dinlədikcə, maşallah belə inkişafa deyirsən. Həm də bərəkəti də var. Bir pomidor doğrayırsan, külfət yeyir, hələ boşqabda da qalır.

Düşünürsən ki, İlahi, görəsən hansı texnologiya ilə yetişdirilir bu pomidorlar? Əvvəllər də insanlar eyni insanlar idi də. Görəsən nə dəyişib ki? Bizim niyə ağlımıza gəlmirdi belə pomidor istehsal etmək?

Hələ o gün qonşuda idim. Uşağın nə bilim, beyninə haradan vermişdi, alma deyib ağlayırdı. Evdə də alma yox idi. Biz nə etdik uşağın anasıyla. Soyuducudan bir pomidor götürüb yuduq, alma kimi dilimləyib qoyduq uşağın qarşısına. Uşaq elə ləzzətlə yedi, bir kəlmə demədi ki, məni niyə aldadırsınız. Elə o an bu cür pomidor istehsalçılarını bir daha alqışladım. Bir alma istəyən uşağın ki səsini pomidorla kəsə bildik, bu, böyük tərəqqidir. Yəni alma bərklikdə, alma turşməzəlikdə, alma qədər qabığı qalın pomidor yetişdirmək, bu, kənd təsərrüfatında inqilabdır. Təbrik edirəm.

Düşündüm ki, bu həftəlik yazı planıma hökmən bu pomidorlarla bağlı yazı yazmağı salmalıyam. Çünki insanların hamısı bazar, marketlərdən həmin pomidorlardan alır, birdən məndən qabağa düşüb ya yazan, ya da redaksiyaya təşəkkür məktubu çatdıran olar. Niyə məndən qabağa düşən olmalıdır ki? Mən bu yeniliklərdən niyə ilk yazan olmayım ki? Axı özüm də o pomidorların həm keyfiyyətini, həm qiymətini, həm alma kimi doranmağını hamı kimi görmüşəm. Ona görə də yazdım. Yazdım ki, düzdür, bilməyən yoxdur, olsa əgər belə pomidordan onlar da alıb istifadə etsinlər. Etsinlər ki, bəlkə minlərin içindən biri qalxıb deyə ki, sən Allah, düz deyirsən?!

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...